AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyat Donanmasına məxsus “Babək” tankeri əsaslı təmirdən sonra yenidən istismara verilib.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlər çərçivəsində tankerin baş və köməkçi mühərrikləri əsaslı təmir olunub, avar valı sazlanaraq yerinə quraşdırılıb, elektrik avadanlıqları yenilənib. Gəminin göyərtəsində və maşın şöbəsində də boru quraşdırılması işləri həyata keçirilib.
Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi və maşın şöbəsi təmizlənərək rənglənib. Heyətin yaşayış və xidməti otaqları isə müasir tələblərə uyğun yenilənib.
Təmir işləri başa çatdıqdan sonra “Babək” dəniz sınağından uğurla keçərək istismara qaytarılıb.
Uzunluğu 150 metr, eni 17 metr olan tanker 13 min ton yükgötürmə qabiliyyətinə malikdir.