“Volkswagen”də kütləvi ixtisar planı: 100 minə qədər iş yeri təhlükədədir

“Volkswagen”də kütləvi ixtisar planı: 100 minə qədər

“Volkswagen AG” Almaniyada genişmiqyaslı restrukturizasiya çərçivəsində 100 minə qədər iş yerinin ləğvini nəzərdə tutan plan hazırlayıb. “Bloomberg”in məlumatına görə, şirkətin baş icraçı direktoru Oliver Blume və “VW” brendinin rəhbəri Tomas Şofer planı işçilərə təqdim edəcəklər.

İlk toplantının avtomobil istehsalçısının Volfsburqdakı əsas zavodunda keçirilməsi, daha sonra isə Almaniyanın digər müəssisələrində işçilərlə görüşlərin təşkil olunması planlaşdırılır.

Şirkətin ixtisar planı əməkdaşlar və həmkarlar ittifaqları arasında narazılığı artırıb. “IG Metall” həmkarlar ittifaqının rəhbəri Kristiane Benner rəhbərliyin xərcləri azaltmaq və mənfəət marjasını 9%-ə yüksəltmək planını “reallıqdan uzaq” adlandırıb.

Yerli həmkarlar ittifaqı rəhbərliyi isə Blume mövqeyindən geri çəkilməyəcəyi təqdirdə ümumi tətillərin nəzərdən keçirilə biləcəyini açıqlayıb.

“Volkswagen” son illərdə xüsusilə Çində satışların azalması, Almaniyadakı yüksək istehsal xərcləri və zavodların tam gücü ilə işləməməsi ilə üzləşib. Şirkətin maya dəyərinin bəzi rəqiblərlə müqayisədə təxminən 30% yüksək olduğu bildirilir.

Rəhbərlik əlavə olaraq ən azı 10 milyard avro həcmində xərclərin azaldılmasına ehtiyac olduğunu hesab edir.

Plan çərçivəsində:

  • Avropada illik istehsal gücünün daha 500 min avtomobil azaldılması;
  • idarəetmə aparatının kiçildilməsi;
  • avtomobil modellərinin və komplektasiya variantlarının sayının azaldılması;
  • elektromobillər və proqram təminatı sahələrində şirkətin yenidən strukturlaşdırılması nəzərdə tutulur.

Şirkətin əsas məqsədi Çindən gələn sürətli rəqabət və avtomobil sənayesində elektrikləşmə fonunda “Volkswagen”in rəqabət qabiliyyətini bərpa etməkdir.

“Volkswagen”də qərarların qəbulu yalnız şirkət rəhbərliyindən asılı deyil. Güclü həmkarlar ittifaqları və şirkətdə əhəmiyyətli paya malik Aşağı Saksoniya hökuməti bir sıra qərarlara təsir göstərə bilir.

Kassel Universitetinin professoru Volfqanq Şröder şirkətin qarşısındakı vəziyyəti çoxsaylı veto hüququna malik tərəflərin olduğu, lakin rəhbərliyə dəstəyin məhdud qaldığı mürəkkəb sistem kimi qiymətləndirib.

İşçilər artıq on minlərlə ixtisarla razılaşıblar. Lakin rəhbərlik əlavə tədbirlərin zəruri olduğunu bildirir. Həmkarlar ittifaqları isə şirkətin proqram təminatı, elektromobillər və Çin bazarı ilə bağlı əvvəlki strateji səhvlərinin yükünün işçilərin üzərinə qoyulduğunu düşünür.

Bu səbəbdən Oliver Blume üçün restrukturizasiya yalnız maliyyə məsələsi deyil, həm də onun “Volkswagen” daxilində müxtəlif maraq qruplarını razı salmaq qabiliyyətini müəyyənləşdirəcək ciddi idarəetmə sınağına çevrilib.

MONETAR.AZ