2026-cı ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 1 milyon 160,1 min nəfər təşkil edib. Monetar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% azdır.
Azərbaycan vətəndaşlarının xaricə səfərlərində Türkiyə ilk sırada yer alıb. Gedənlərin 42,7%-i Türkiyəyə səfər edib. Bu istiqamətdə səfərlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% artıb.
Rusiya 15,9%-lik payla ikinci, Gürcüstan isə 12,4%-lə üçüncü yerdə qərarlaşıb. Rusiyaya gedənlərin sayı 1,3% azalarkən, Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı 8% artıb.
İran istiqamətində isə ciddi azalma qeydə alınıb. Belə ki, xaricə gedən Azərbaycan vətəndaşlarının 5,8%-i İrana səfər edib və bu göstərici illik müqayisədə 36,3% azalıb. Digər ölkələrə gedənlərin sayı isə 4,1% azalaraq ümumi səfərlərin 23,2%-ni təşkil edib.
Xaricə gedən Azərbaycan vətəndaşlarının 70,4%-i hava, 27,6%-i dəmir yolu və avtomobil, 2%-i isə dəniz nəqliyyatından istifadə edib.
Xaricə səfər edənlərin 65,1%-ni kişilər, 34,9%-ni qadınlar təşkil edib.