Azərbaycan banklarının əsas maliyyə mənbəyi olaraq depozitlər qalır. İyulun sonunda bank sektorunun depozit portfeli 40 milyard 394,3 milyon manat təşkil edib.
Mərkəzi Bankın məlumatına görə, bu vəsait bankların ümumi öhdəliklərinin 75,7 faizini formalaşdırır.
Lakin depozitlərin strukturunda diqqət çəkən məqam hüquqi şəxslərin payının fiziki şəxslərdən xeyli yüksək olmasıdır.
Belə ki, ümumi depozit portfelinin 22 milyard 927,8 milyon manatı hüquqi şəxslərin, 17 milyard 466,5 milyon manatı isə fiziki şəxslərin depozitləridir.
Daha maraqlı göstərici isə şirkətlərin depozitlərinin strukturundadır. Hüquqi şəxslərin 17 milyard 120,7 milyon manatlıq vəsaiti tələbli depozitlərdə saxlanılır. Bu, onların ümumi depozit portfelinin 74,7 faizinə bərabərdir.
Başqa sözlə, şirkətlərin banklarda saxladığı vəsaitlərin böyük hissəsi müddətli deyil, tələb olunduğu anda geri çəkilə bilən depozitlərdir.
Bu vəziyyət banklar üçün həm maliyyələşmə mənbəyi, həm də müəyyən risk yaradır. Çünki tələbli depozitlər bank üçün nisbətən ucuz maliyyə mənbəyi olsa da, belə vəsaitlərin sabitliyi müddətli əmanətlər qədər yüksək deyil.
Bank sektorunun ümumi öhdəlikləri iyulun sonunda 53 milyard 330,2 milyon manat olub. Bunun 40,4 milyard manatı depozitlər hesabına formalaşıb.