Hər 100 manatlıq əmanətin 28 manatı xarici valyutadadır

Hər 100 manatlıq əmanətin 28 manatı

Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin əhəmiyyətli hissəsi hələ də xarici valyutada saxlanılır.

Mərkəzi Bankın 2026-cı ilin iyul ayı üzrə məlumatına görə, fiziki şəxslərin banklardakı əmanətlərinin ümumi həcmi 17 milyard 466,5 milyon manat təşkil edib.

Bu vəsaitin 12 milyard 522,4 milyon manatı və ya 71,7 faizi milli valyutada, 4 milyard 944,2 milyon manatı və ya 28,3 faizi xarici valyutadadır.

Yəni əhalinin banklardakı hər 100 manatlıq əmanətinin təxminən 28 manatı xarici valyutadadır.

Manat əmanətlərinin payı daha yüksək olsa da, xarici valyutadakı əmanətlərin həcmi 5 milyard manata yaxındır. Bu isə dollarlaşmanın bank sektorunda hələ də kifayət qədər böyük olduğunu göstərir.

Əmanətlərin strukturunda digər diqqətçəkən məqam müddətli əmanətlərin payıdır. Fiziki şəxslərin əmanətlərinin 64,9 faizi, yəni 11 milyard 342,2 milyon manatı müddətli əmanətlərdən ibarətdir.

İyul ayında fiziki şəxslərin müddətli əmanətlərinin həcmində dəyişiklik qeydə alınmayıb. Bununla belə, müddətli əmanətçilərin sayı ilin əvvəlindən 15,1 faiz artaraq 223,4 min nəfərə çatıb.