Dubay Beynəlxalq Hava Limanında 2026-cı ilin ilk yarısında sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 31,3% azalaraq 31,5 milyon nəfər təşkil edib.
Yaxın Şərqin ən böyük hava limanının hesabatında qeyd olunub ki, ilin ilk altı ayı bütün aviasiya infrastrukturu üçün ciddi sınaq dövrünə çevrilib.
Hesabat dövründə hava limanında həyata keçirilən uçuşların sayı da 32,1% azalaraq 150,6 minə düşüb. Yük daşımalarının həcmi 28,7% azalaraq 751 min tona, rəsmiləşdirilən baqajların sayı isə 28% aşağı düşüb.
Hava limanının rəhbərliyi bildirib ki, ikinci rübdə sərnişin axınında vəziyyət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Fevralın 28-də ABŞ, İsrail və İran arasında hərbi münaqişənin başlamasından sonra regionda aviasiya əlaqələri, demək olar ki, tamamilə dayandırılmışdı.
İkinci rübün sonlarına doğru hərbi əməliyyatların tədricən səngiməsi fonunda Dubay hava limanının əsas göstəriciləri yenidən 2025-ci ilin səviyyəsinə yaxınlaşmağa başlayıb.
MONETAR.AZ