Azərbaycan banklarının mənfəəti sürətlə artır, lakin kredit portfelində eyni temp müşahidə olunmur.
Azərbaycan Mərkəzi Bankının 2026-cı ilin iyul ayı üzrə statistik məlumatlarına görə, banklar ilin ilk 7 ayında 858,7 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çoxdur. Əməliyyat mənfəəti isə 25,8 faiz artaraq 1 milyard 307,2 milyon manata çatıb.
Bununla yanaşı, bankların kredit portfeli iyul ayında cəmi 0,9 faiz və ya 274 milyon manat artaraq 32 milyard 95,3 milyon manat olub.
Bu rəqəmlər bank sektorunda maraqlı mənzərə yaradır: mənfəət 20 faizdən çox artır, kredit portfelinin aylıq artımı isə 1 faizə belə çatmır.
Kredit portfelinin 54 faizi və ya 17 milyard 333 milyon manatı biznes kreditlərinin payına düşür. İstehlak kreditləri 10 milyard 36,8 milyon manat, ipoteka kreditləri isə 4 milyard 725,5 milyon manat təşkil edir.
Bankların gəlirlərinin hansı mənbələr hesabına artdığı bu baxımdan xüsusi maraq doğurur. Çünki kreditləşmənin zəif artımı fonunda mənfəətin daha sürətli yüksəlməsi bankların faiz gəlirləri ilə yanaşı, digər gəlir mənbələrindən də daha çox qazandığını ehtimal etməyə əsas verir.
2026-cı ilin ilk 7 ayında bankların dövlət büdcəsinə ödədiyi mənfəət vergisi də 213,4 milyon manat olub.