Azərbaycan istehsalı olan nar şirəsi məhsullarının Karib hövzəsi ölkələrinə növbəti ixracı həyata keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Mərkəzin operatoru olduğu “Azexport” portalının dəstəyi ilə təşkil olunan ixrac əməliyyatı çərçivəsində “Hub Trade” şirkətinin yerli istehsal nar şirələri gömrük nəzarətindən keçirilib.
200 və 1000 millilitrlik qablaşdırmalarda olan məhsullar üçün sərbəst satış sertifikatı rəsmiləşdirilib. Nar şirələri Gürcüstanın Poti limanından dəniz yolu ilə Dominikan Respublikasına göndərilmək üçün yola salınıb.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov Karib hövzəsi ölkələrinin Azərbaycan məhsulları üçün nisbətən yeni, lakin perspektivli və yüksək alıcılıq qabiliyyətinə malik bazar olduğunu bildirib.
Onun sözlərinə görə, yerli istehsal nar şirələrinin bu bazara çıxarılması Azərbaycan brendlərinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artdığını göstərir. Poti limanı vasitəsilə Amerika qitəsinə yeni tədarük marşrutlarının formalaşdırılması isə Azərbaycanın qeyri-neft ixracının coğrafiyasının genişləndirilməsinə imkan yaradır.
Ayxan Qədəşov qeyd edib ki, milli məhsulların uzaq və mürəkkəb bazarlara çıxış əldə etməsi onların beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun da göstəricisidir.
Qeyd edək ki, yerli istehsalçıların xarici bazarlara çıxışını dəstəkləyən “Azexport” portalında qeydiyyat və həyata keçirilən satışlar üçün komissiya haqqı tutulmur. Portal Azərbaycan məhsullarının həm ənənəvi, həm də yeni xarici bazarlarda tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.