Banklar kredit faizlərindən 2,6 milyard manat qazandılar

Banklar kredit faizlərindən

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan banklarının maliyyə nəticələrində artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 175,9 milyon manat artıb. Monetar.az Mərkəzi Banka istinadən xəbər verir ki, bank sektoru 2026-cı ilin ilk 7 ayında 858,7 milyon manat xalis mənfəət əldə edib.

Ötən ilin yanvar-iyul aylarında bankların xalis mənfəəti 682,8 milyon manat təşkil edib. Beləliklə, xalis mənfəət bir il ərzində 25,8 faiz artıb.

Bankların əməliyyat mənfəətində də artım müşahidə olunub. Əməliyyat mənfəəti 1 milyard 85,9 milyon manatdan 1 milyard 307,2 milyon manatadək yüksəlib. Bu, 20,4 faiz artım deməkdir.

Bankların faiz gəlirləri də artıb. 2026-cı ilin ilk 7 ayında faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirlər 3 milyard 205,7 milyon manat olub. Ötən ilin eyni dövründə bu göstərici 2 milyard 814,1 milyon manat təşkil edib.

Artım əsasən kreditlər üzrə faiz gəlirlərindən formalaşıb. Kreditlərdən əldə olunan faiz gəlirləri 2 milyard 212,8 milyon manatdan 2 milyard 583,1 milyon manatadək yüksəlib.

Bununla yanaşı, bankların faiz xərcləri də artıb. Faiz və onlara bağlı xərclər 1 milyard 20,5 milyon manatdan 1 milyard 181,8 milyon manatadək yüksəlib.

Xüsusilə depozitlər üzrə faiz xərclərinin artması diqqət çəkir. Bankların depozitlər üzrə ödədiyi faizlər 717,4 milyon manatdan 862,2 milyon manatadək artıb. Müddətli depozitlər üzrə faiz xərcləri isə 569,2 milyon manatdan 686,1 milyon manatadək yüksəlib.

Nəticədə bankların xalis faiz gəliri 1 milyard 789,7 milyon manatdan 1 milyard 985,2 milyon manatadək artıb.

Qeyri-faiz gəlirlərində də artım olub. Bu gəlirlər 1 milyard 74 milyon manatdan 1 milyard 197,3 milyon manatadək yüksəlib.

Lakin qeyri-faiz xərcləri də artıb. Bu xərclər 1 milyard 777,8 milyon manatdan 1 milyard 875,3 milyon manatadək yüksəlib.

Maraqlı məqamlardan biri aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara ayırmaların cüzi azalmasıdır. Bu xərc 238,1 milyon manatdan 234,8 milyon manatadək geriləyib.