Böyük Britaniya iqtisadiyyatında artım davam edir

Böyük Britaniya iqtisadiyyatında artım

Böyük Britaniyada işgüzar aktivlik avqust ayında gözləntiləri üstələyərək artıb. İlkin məlumatlara əsasən, kompozit PMI indeksi 52,5 bəndə yüksəlib. Bu göstərici 51,5 bəndlik bazar proqnozunu geridə qoyub. Artıma əsasən xidmət sektorundakı güclənmə təkan verib və bu, emal sənayesindəki zəifləməni kompensasiya edib.

Xidmət sektorunda PMI indeksi iyulla müqayisədə 1 bənd artaraq 52,8-ə yüksəlib. Buna daxili tələbatın yaxşılaşması səbəb olub. Emal sənayesində istehsal göstəricisi isə artan xərclər və geosiyasi qeyri-müəyyənlik fonunda 1,7 bənd azalaraq 51,2-yə enib.

"Barclays" analitiklərinin fikrincə, 52,5 bəndlik kompozit PMI üçüncü rübdə Böyük Britaniya ÜDM-nin rüblük müqayisədə 0,2% artacağına dair proqnozu təsdiqləyir. Bank hesab edir ki, ikinci rübdən formalaşan müsbət baza effekti və informasiya-kommunikasiya texnologiyalarına yatırımlar artımın gözləniləndən daha yüksək ola biləcəyi ehtimalını artırır.

İyul ayında pərakəndə satışlar aylıq ifadədə 0,5% azalıb ki, bu da bazar proqnozlarına uyğun olub. May və iyun aylarında əlverişsiz hava şəraitinə baxmayaraq keçirilən endirim kampaniyaları satışların artmasına səbəb olmuşdu. Üç aylıq müqayisədə isə pərakəndə satışlar 1,1% yüksəlib.

Qeyri-ərzaq məhsulları satan pərakəndə şirkətlər bildiriblər ki, bu il endirim kampaniyalarının iyun ayına çəkilməsi iyul satışlarının zəifləməsinə təsir edib.

İyun ayında işsizlik səviyyəsi üç aylıq orta hesabla 4,9% səviyyəsində sabit qalıb. Bu göstərici "Barclays" proqnozuna uyğun olsa da, bazar gözləntilərindən və İngiltərə Bankının iyul proqnozundan 0,1 faiz bəndi yüksəkdir.

May–iyun dövründə məşğul əhalinin sayı 6 min nəfər azalıb. İyul üzrə ilkin məlumatlar isə əlavə 13 min nəfərlik məşğulluq azalmasına işarə edir.

İyul ayına qədər olan üç ay ərzində vakansiyaların sayı 4 min vahid azalıb. Bu dinamika özəl sektorda əməkhaqqı artımının da zəiflədiyini göstərir. Belə ki, illik əməkhaqqı artımı 2,8%-ə enib.

İstehlak qiymətləri inflyasiyası iyul ayında illik ifadədə 2,9%-ə yüksələrək əvvəlki ayla müqayisədə 0,3 faiz bəndi artıb. "Barclays" qeyd edir ki, bu artım üçüncü rübdə Ofgem tərəfindən müəyyən edilən enerji tariflərinin təxminən 13% artırılması ilə bağlı gözlənilən nəticə idi.

Baza inflyasiyası isə dəyişməyərək 2,6% səviyyəsində qalıb. Bank enerji qiymətlərinin daha yüksək qalacağını nəzərə alaraq 2027-ci il üzrə orta illik inflyasiya proqnozunu 0,1 faiz bəndi artıraraq 2,5%-ə yüksəldib. 2026-cı il üçün inflyasiya proqnozu isə 3% səviyyəsində saxlanılıb.

Cari maliyyə ilində dövlət sektorunun xalis borclanması ümumilikdə Büdcə Məsuliyyəti İdarəsinin (OBR) mart proqnozuna uyğundur. Bununla belə, iyul ayınadək borclanma 56,7 milyard funt sterlinq təşkil edib ki, bu da OBR-in proqnozundan təxminən 2 milyard funt sterlinq çoxdur. "Barclays" ilin yekununda dövlət borclanmasının 120,4 milyard funt sterlinq olacağını proqnozlaşdırır ki, bu da OBR-in qiymətləndirməsindən 5 milyard funt sterlinq yüksəkdir.

Bank analitikləri bildiriblər ki, gələn həftə keçiriləcək Cekson-Houl simpoziumunun proqramı hələ açıqlanmayıb və İngiltərə Bankının Pul-Kredit Siyasəti Komitəsinin hansı üzvlərinin iştirak edəcəyi dəqiq məlum deyil. Bununla belə, ən azı bir komitə üzvünün tədbirdə iştirak edəcəyi gözlənilir.

MONETAR.AZ