Bakıda yeni minib-düşmə məntəqələri və taksi dayanacaqları yaradılıb

Bakıda yeni minib-düşmə məntəqələri və taksi

Bakıda tibb və sosial xidmət müəssisələrinə müraciət edən vətəndaşların rahatlığının artırılması məqsədilə daha 10 ünvanda minib-düşmə məntəqələri və taksi dayanacaqları təşkil edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, bunun üçün bəzi parklanma yerləri ləğv olunub, həmin ərazilərdə 3.28 "Dayanmaq qadağandır" və 5.14 "Minik taksilərinin dayanacaq yeri" yol nişanları, həmçinin xüsusi hərəkət zolaqlarında müvafiq məlumat lövhələri quraşdırılıb.

Yeni təşkil olunan məntəqələr aşağıdakı ünvanlarda yerləşir:

  • Cavadxan küçəsi – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısı (minib-düşmə məntəqəsi);
  • İsmayıl bəy Qutqaşınlı küçəsi – 1 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə məntəqəsi);
  • Heydər Əliyev prospekti – 3 saylı Bakı DOST Mərkəzinin yanı (minib-düşmə məntəqəsi);
  • Ziya Bünyadov prospekti – 4 saylı Bakı DOST Mərkəzinin qarşısı (avtobus zolağında minib-düşmə məntəqəsi);
  • Abbas Mirzə Şərifzadə küçəsi – 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı (minib-düşmə məntəqəsi);
  • 9-cu Köndələn küçəsi – 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin yanı (minib-düşmə məntəqəsi);
  • Hüseynbala Əliyev küçəsi – "Memar Əcəmi" metro stansiyasının yaxınlığı (minib-düşmə məntəqəsi);
  • Süleyman Sani Axundov küçəsi – "Azadlıq Prospekti" metro stansiyasının yaxınlığı (minib-düşmə məntəqəsi və taksi dayanacağı);
  • Füzuli küçəsi – "28 Mall" ticarət mərkəzinin yanı (minib-düşmə məntəqəsi);
  • Şəmsi Bədəlbəyli küçəsi – "28 Mall"un yanı (avtobus zolağında minib-düşmə məntəqəsi).

AYNA bildirib ki, bu dəyişikliklər sərnişinlərin təhlükəsiz və rahat minib-düşməsini təmin etməklə yanaşı, taksi xidmətlərinin daha səmərəli təşkilinə və həmin ərazilərdə nəqliyyatın hərəkətinin tənzimlənməsinə xidmət edir.