Azərbaycan Respublikasının Mərkəzi Bankının məlumatına görə, 2026-cı ilin iyun ayında real sektor üzrə işgüzar fəallıq göstəricilərində müxtəlif istiqamətlər üzrə fərqli dinamika müşahidə olunub. Mərkəzi Bank real sektorun əsas sahələri - sənaye, tikinti, pərakəndə ticarət və xidmətlər üzrə biznes meyillərini qiymətləndirən indeksləri açıqlayıb.
Pərakəndə ticarət: Yüksək ümidlər və anbar bolluğu
Mağaza və ticarət sahibləri yay və payız mövsümünə böyük ümid bəsləyirlər. Son 3 ayda satışların göstəricisi 13.9 olduğu halda, qarşıdakı 3 ay üçün satış gözləntisi kəskin artaraq 51.4-ə çatıb. Bu optimizm təbii ki, yay istirahəti, turizm və məktəb bazarlığı kimi mövsümi canlanma ilə bağlıdır. Lakin digər tərəfdən, mal ehtiyatı göstəricisinin 19.6 olması anbarların artıq mallarla tam doldurulduğunu göstərir. Əgər gözlənilən alıcı axını nəzərdə tutulan səviyyəyə çatmazsa, sahibkarların məhsulları anbarda qala və bu da onların dövriyyə vəsaitlərini dondura bilər.
Sənaye: İstehsal var, amma yeni sifarişlər zəifdir
Sənaye tərəfində maraqlı bir vəziyyət yaranıb. Fabrik və zavodlarda məhsul istehsalı (20.2) və gələcək istehsal gözləntiləri (22.3) kifayət qədər yaxşı görünür. Lakin ən vacib məqam -"İcraya qəbul edilmiş sifarişlər" göstəricisinin -30.7 səviyyəsinə düşməsidir.
Sadə dildə desək, müəssisələr əvvəlki templə mal istehsal etməyə davam edirlər, lakin yeni müştəri və sifariş tapmaqda çətinlik çəkirlər. Sifariş az olduğu halda istehsalın davam etməsi isə qarşıdakı aylarda hazır məhsulların anbarda yığılmasına və şirkətlərin büdcə sıxıntısı yaşamasına gətirib çıxara bilər.
Tikinti: Kəmərlərin sıxıldığı sahə
İyun ayının rəqəmlərinə görə ən çox çətinlik çəkən sahə -18.0 inam indeksi ilə tikinti sektoru olub. Son rübdə görünün işlərin həcmi (-15.5) və yeni sifarişlər (-28.2) hiss olunacaq dərəcədə azalıb. Bunun gündəlik həyata təsiri isə məşğulluqda görünə bilər. Şirkətlərin işçi sayının dəyişməsi gözləntisi -7.7, qiymət gözləntisi isə -13.3 təşkil edir. Bu o deməkdir ki, tikinti sektorunda fəaliyyət göstərən sahibkarlar qiymətləri qaldıra bilmirlər və xərcləri azaltmaq üçün heyətdə müəyyən optimallaşdırmalara (ixtisarlara) getmək məcburiyyətində qala bilərlər.
Xidmət: Canlanma var, bahalaşma da ola bilər
Kafe, restoran, nəqliyyat, təmizlik və digər xidmət sahələri 17.5 inam indeksi ilə ən gümrah sektordur. Burada növbəti 3 ay üçün tələb gözləntisi 26.2-dir ki, bu da insanların xidmətlərdən aktiv istifadə edəcəyini göstərir.
Lakin diqqət çəkən bir detal var: qiymət gözləntisi (26.7) tələb gözləntisindən bir qədər yüksəkdir. Bu sadəcə onu bildirir ki, xidmət göstərən bizneslər artan kommunal, icarə və ya digər xərclərini qiymətlərə əks etdirməyi planlaşdırırlar. Yəni yaxın aylarda xidmət sahələrində kiçik qiymət artımları ilə qarşılaşmağımız mümkündür.
Mərkəzi Bankın iyun göstəricilərini ümumiləşdirsək, günlük istehlak və xidmət tələbatı yüksək olaraq qalır, lakin sənaye və tikinti kimi daha böyük kapital tələb edən sahələr hazırda daha temkinli və gözləmə mövqeyindədir.
MONETAR.AZ