Avrozona iqtisadiyyatı yeni faiz artımı üçün kifayət qədər güclüdürmü?

Avrozona iqtisadiyyatı yeni faiz artımı üçün kifayət

Avrozonada iqtisadi aktivliyin avqust ayında gözləntilərdən bir qədər yaxşı nəticə göstərməsi Avropa Mərkəzi Bankının (AMB) sentyabrda faiz dərəcəsini artıracağı ilə bağlı proqnozları gücləndirib. “Barclays” avrozonada iqtisadi artımın sabit qalması və inflyasiya təzyiqlərinin yenidən güclənməsi fonunda faiz dərəcəsinin 25 baza bəndi artırılacağını gözləyir.

İlkin məlumatlara əsasən, avrozonanın kompozit PMI indeksi avqustda 52,1 bəndə yüksəlib. Göstərici həm “Barclays”ın 51,7 bəndlik proqnozunu, həm də iyulun 52,0 bəndlik nəticəsini üstələyib. Artım əsasən istehsal sektorunda aktivliyin sabit yüksəlməsi hesabına baş verib. Xidmət sektorunda isə PMI 51,7 bənd səviyyəsində dəyişməz qalıb.

İstehsal buraxılışı üzrə indeks avqustda 52,8 bəndə çatıb. Bu, iyulun 51,9 bəndlik göstəricisindən və “Barclays”ın 51,8 bəndlik proqnozundan yüksəkdir. Bankın izlədiyi baza istehsal PMI isə 0,5 bənd artaraq 53,4-ə yüksəlib.

Ölkələr üzrə mənzərə isə fərqlidir. Fransanın kompozit PMI göstəricisi 48,8-ə, Almaniyanın göstəricisi isə 51,0-ə enib. Almaniya və Fransadan kənar periferiya ölkələrində isə aktivlik daha sürətlə artaraq 55,8 bəndə çatıb.

İqtisadi aktivliklə yanaşı, inflyasiya göstəriciləri də AMB üçün əsas amillərdən biri olaraq qalır. Avrozonada iyul ayının yekun inflyasiyası illik ifadədə 2,9% təşkil edib. Bu göstərici iyundakı 2,8%-dən yüksəkdir. Baza inflyasiyası isə 2,5% səviyyəsində qalıb.

Ümumi inflyasiyanın yüksəlməsində enerji qiymətlərinin artması mühüm rol oynayıb. Yanacaq, qaz və elektrik enerjisinin bahalaşması nəticəsində energetika sektorunda illik inflyasiya 1,8 faiz bəndi artaraq 10,3%-ə çatıb.

“Barclays” enerji qiymətlərinin təsiri ilə avqustda ümumi inflyasiyanın 3,4%-ə yüksələcəyini, baza inflyasiyasının isə 2,5% səviyyəsində qalacağını proqnozlaşdırır. Bankın gözləntilərinə görə, ümumi inflyasiya 2026-cı ilin son rübündə 3,6%-lə zirvəyə çata bilər. Daha sonra göstəricinin 2027-ci il ərzində tədricən AMB-nin 2%-lik hədəfinə yaxınlaşacağı gözlənilir.

Fransada da iqtisadi əhval-ruhiyyə yaxşılaşıb. INSEE-nin işgüzar aktivlik indikatoru ardıcıl üçüncü ay artaraq iyuldakı 97,3-dən avqustda 98,1-ə yüksəlib. Avrozonada istehlakçı inamı da 0,4 bənd yaxşılaşaraq -15,5 təşkil edib.

Əmək bazarında isə əməkhaqqı artımının müəyyən qədər səngidiyi müşahidə olunur. Razılaşdırılmış əməkhaqqı artımı ikinci rübdə illik ifadədə 2,4%-ə enib ki, bu da birinci rüblə müqayisədə 0,2 faiz bəndi azdır.

“Barclays” hesab edir ki, iqtisadi aktivliyin sabit qalması, inflyasiyanın yenidən sürətlənməsi və enerji bazarlarında qeyri-müəyyənliyin davam etməsi AMB-nin sentyabr iclasında faiz dərəcəsini 25 baza bəndi artırmasına şərait yaradır. Bank sentyabrdan sonra isə faizlərin dəyişməz saxlanılacağını gözləyir.

Bununla belə, enerji qiymətləri yaxın müddətdə normallaşmasa, AMB-nin daha sərt pul-kredit siyasəti yürütməsi istiqamətində təzyiqlərin artacağı bildirilir.

MONETAR.AZ