Cari ilin yanvar-iyul aylarında ölkədə 78 min kvadratmetr xalça və xalça məmulatları istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 41,1 dəfə çoxdur.
Müqayisə üçün, 2025-ci ilin yanvar-iyul aylarında ölkədə cəmi 1,9 min kvadratmetr xalça və xalça məmulatı istehsal edilmişdi.
Hazır məhsul ehtiyatlarının həcmi isə əks istiqamətdə dəyişib. Avqustun 1-nə sənaye müəssisələrinin anbarlarında 5,2 min kvadratmetr hazır xalça məhsulu olub ki, bu da illik müqayisədə 7,1 faiz azdır.
Xalça məhsullarının xarici ticarət göstəricilərində də artım qeydə alınıb. Belə ki, ilin yeddi ayında Azərbaycandan 229,13 min dollar dəyərində xalçalar və digər toxunma döşəmə örtükləri ixrac edilib. İxracın dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5 dəfə artıb. Eyni zamanda, bu məhsulların idxalı 12,5 faiz azalaraq 9 milyon 852,78 min dollar təşkil edib.