Sinkin qiyməti bir ton üçün 3 830 dollardan yuxarı qalxaraq 2022-ci ilin mayından bəri ən yüksək səviyyəyə çatıb.
Monetar.az xəbər verir ki, qiymət artımına əsas səbəb bazarda sink təklifinin azalması ilə bağlı narahatlıqlar olub.
Məlumata görə, bir sıra iri mədənlərdə yaranan problemlər və logistika çətinlikləri sink hasilatının artımını zəiflədib. HSBC bu il dünyada sink hasilatının azalacağını gözləyir.
Mədənlər və emal müəssisələrindəki fasilələrin bazarda təklif çatışmazlığını daha da artıracağı bildirilir.
Bundan başqa, London Metal Birjasında qeydə alınan sink ehtiyatları kəskin azalıb. Çindən kənarda əsas bazarlarda fiziki sink təchizatının da məhdud olduğu qeyd edilir.
Tələb də qiymət artımını dəstəkləyən amillərdən biridir. Avropa və ABŞ-da istehsal fəallığının müəyyən qədər bərpa olunması sinkə tələbin artmasına şərait yaradıb.
Eyni zamanda, Çində sink ehtiyatlarının əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Bu isə dünyanın ən böyük sink istehlakçısı olan Çinlə digər regionlar arasında bazarda fərqli vəziyyətin yaranmasına səbəb olub.