Mis rekord həddə yaxınlaşır: təklif qıtlığı qiymətləri yüksəldir

Mis rekord həddə yaxınlaşır: təklif qıtlığı

Mis bazarında bahalaşma ardıcıl dördüncü gün davam edib. Qısamüddətli təklifin məhdud qalması fonunda metalın qiyməti tarixi maksimuma yaxınlaşıb.

“Bloomberg”in məlumatına görə, ilin əvvəlindən bəri misin qiyməti təxminən 16 faiz artıb. Mədənlərdə hasilatla bağlı problemlərin davam etdiyi bir vaxtda treyderlərin böyük həcmdə metalı ABŞ-yə yönəltməsi digər regionlardakı ehtiyatların azalmasına səbəb olur.

Ötən həftə qlobal mis bazarında təklif qıtlığı xüsusilə kəskinləşib. London Metal Birjasında (LME) spot misin qiyməti üçaylıq fyuçersləri bir ton üçün 500 dollardan çox üstələyib. Son günlər bu fərq azalsa da, əvvəlki dövrlərlə müqayisədə yüksək olaraq qalır. Çərşənbə günü LME-nin sentyabr müqaviləsi oktyabr müqaviləsindən bir ton üçün 150 dollar baha olub. Halbuki həftənin sonunda bu fərq 50 dollardan aşağı idi.

Bazar iştirakçıları ABŞ-nin saflaşdırılmış mis idxalına tətbiq edə biləcəyi rüsumlarla bağlı Ağ Evdən açıqlama gözləyirlər. Qərarın verilməsi ərəfəsində metalın ABŞ limanlarına və anbarlarına axını davam edir.

LME ehtiyatlarının dinamikası da diqqət mərkəzindədir. Ötən həftə birja anbarlarına böyük həcmdə misin çatdırılması qıtlıqla bağlı narahatlığı müəyyən qədər azaltsa da, bazar ertəsi 50 min tondan çox metalın çıxarılması üçün sifariş verilməsi təklifin vəziyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib. Şanxay Fyuçers Birjasının anbarlarında isə ehtiyatlar çərşənbə axşamı ardıcıl beşinci gün azalıb.

LME-də üçaylıq misin qiyməti 0,4 faiz artaraq ton başına 14 410,50 dollara yüksəlib. Bununla da qiymət yanvarda qeydə alınmış 14 527,50 dollarlıq tarixi gündaxili maksimuma yaxınlaşıb.

Misə uzunmüddətli tələbatın artması da qiymətlərə əlavə dəstək verir. Süni intellekt infrastrukturu, bərpa olunan enerji layihələri və elektrik şəbəkələrinin genişləndirilməsi misə olan ehtiyacı artırır. Eyni zamanda, hasilat sahəsində yaranan fasilələr bazardakı təklif problemini daha da dərinləşdirir.

“Project Blue” konsaltinq şirkətinin hesablamalarına görə, İndoneziya, Konqo Demokratik Respublikası və Çilidəki hasilat problemləri nəticəsində qlobal mis bazarında ilin ilk yarısında təxminən 338 min ton kəsir yaranıb.

“Jinrui Futures Co.” analitikləri də mis qiymətlərinin fundamental amillər tərəfindən dəstəkləndiyini bildirirlər. Şanxay Fyuçers Birjasında metal üçün dəstək səviyyəsi ton başına 106 min yuan müəyyənləşdirilib. Hazırda Çində misin qiyməti təxminən 109 min yuan təşkil edir.

MONETAR.AZ