ABŞ-də bəzi pərakəndə satış şirkətləri böyük ölçülü geyimlərin çeşidini azaltmağa başlayıb. Bu tendensiya həmin geyimlərə tələbatın azalması ilə əlaqələndirilir.
Monetar.az xəbər verir ki, 2025-ci ildə ABŞ-də böyük ölçülü geyimlər üzrə ixtisaslaşan mağazalarda satışlar illik müqayisədə 7-8 faiz azalıb.
Analitiklər tələbatın azalmasını “Ozempik” və onun analoqlarının populyarlaşması ilə əlaqələndirirlər. Həmin preparatlardan son illərdə arıqlamaq məqsədilə daha geniş istifadə olunur.
Məlumata görə, H&M 2023-cü ilin əvvəlində qadın geyimləri üzrə 4XL ölçüsünədək yeni məhsul xəttini satışa çıxarmağı planlaşdırsa da, sonradan bu qərardan imtina edib.
Şirkət 3XL və 4XL ölçülərinin satışdan çıxarılmasını həmin ölçülərə kifayət qədər tələbatın olmaması ilə izah edib.
2020-ci illərin əvvəllərində pərakəndə şirkətlər “bodipozitiv” hərəkatının təsiri ilə böyük ölçülü geyim çeşidlərini genişləndirirdilər. Hazırda isə bazarda fərqli tendensiya müşahidə olunur.
Bildirilir ki, ABŞ-də ev təsərrüfatlarının 21 faizində ən azı bir nəfər yeni nəsil arıqlama preparatlarından istifadə edir. Böyük Britaniyada isə bu göstərici 9 faiz təşkil edir.