Kanada ABŞ-ın yeni tariflərinə cavab olaraq 27,6 milyard Kanada dolları (19,94 milyard ABŞ dolları) dəyərində Amerika məhsullarına rüsum tətbiq edəcək.
Monetar.az xəbər verir ki, yeni rüsumlar sentyabrın 8-dən qüvvəyə minəcək. Təxminən 700 adda ABŞ məhsuluna 15%, 25% və 50 % arasında dəyişən tariflər tətbiq olunacaq.
Kanada hökuməti tariflərdən zərər görəcək şirkət və işçilərə dəstək məqsədilə 7,5 milyard Kanada dolları həcmində yeni və genişləndirilmiş maliyyə tədbirləri açıqlayıb.
Paketə kiçik və orta biznesə dəstək, şirkətlərin maliyyə imkanlarının qorunması və yeni tariflər səbəbindən işini itirmək riski ilə üzləşən işçilərə yardım daxildir.
Kanada hökumətinin nümayəndəsi bildirib ki, yeni tariflər ölkə istehlakçılarına və biznesinə təsirin minimum səviyyədə saxlanılması nəzərə alınmaqla hazırlanıb.
Məlumata görə, 50 faizlik rüsumlar polad, alüminium, mebel və geyim kimi məhsullara, 25 faizlik tariflər pendir, məişət texnikası və bəzi dəniz məhsullarına, 15 faizlik rüsumlar isə elektronika və alətlərə tətbiq olunacaq.