Ötən сümə günü açıqlanan ilkin sorğu nəticələrinə əsasən, Yaponiyada emal sənayesində aktivlik avqust ayında daha da sürətlənib. Buna yeni sifarişlərin kəskin artması, eləcə də xüsusilə yarımkeçirici və süni intellekt (Sİ) ilə əlaqəli sahələrdən gələn güclü xarici tələbat təkan verib.
S&P Global tərəfindən hesablanan emal sənayesi üzrə ilkin PMI indeksi iyul ayındakı 54,5 bənddən 55,1 bəndə yüksələrək bazar gözləntilərinə uyğun olub. PMI göstəricisinin 50 bənddən yuxarı olması sektorda genişlənməni, aşağı olması isə daralmanı ifadə edir.
Sorğunun nəticələrinə görə, istehsalçılar 2018-ci ilin yanvarından bəri yeni sifarişlər üzrə ən güclü artımı qeydə alıblar. İxrac sifarişləri də son yeddi ildən çox müddətdə ən sürətli artım tempini nümayiş etdirib.
Bu dinamika əsasən yarımkeçirici istehsalı və süni intellekt texnologiyaları ilə bağlı layihələrdən qaynaqlanan sabit sifariş axını hesabına formalaşıb.
Xidmət sektorunda da müsbət dinamika müşahidə olunub. Xidmətlər üzrə PMI indeksi 51,2 bənddən 52,3 bəndə yüksələrək biznes aktivliyində genişlənmənin gücləndiyini göstərib.
İstehsal və xidmət sektorlarındakı yaxşılaşma nəticəsində kompozit PMI indeksi də 52,7 bənddən 53,4 bəndə yüksələrək son altı ayın ən yüksək səviyyəsinə çatıb.
Artan istehsal tələbatı fonunda müəssisələr xammal alışını artırmağa davam edib, məşğulluq isə sabit artım nümayiş etdirib.
Bununla yanaşı, qiymət təzyiqləri son beş ayın ən aşağı səviyyəsinə ensə də, yüksək olaraq qalır. Şirkətlər xammal, yanacaq və enerji daşıyıcılarının bahalaşmasını, Yaxın Şərqdəki geosiyasi gərginliyin tədarük zəncirlərinə təsirini və Yaponiya yenasının zəif məzənnəsini əsas xərc amilləri kimi göstəriblər.
MONETAR.AZ