ABŞ İrana qarşı yeni sanksiya paketi tətbiq edir

ABŞ İrana qarşı yeni

ABŞ İrana qarşı genişmiqyaslı yeni sanksiya kampaniyasına başlayıb. ABŞ-ın maliyyə naziri Skott Bessent yeni tədbirlərin İranı qlobal iqtisadiyyatdan təcrid etməyə yönəldiyini açıqlayıb.

 Monetar.az xəbər verir ki, Bessent Vaşinqtonda keçirdiyi mətbuat konfransında İranla ticarət və maliyyə əlaqələrini davam etdirən ölkələrin də ABŞ sanksiyaları ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

 Bessent bildirib ki, ABŞ İranın neft satışından gəlir əldə etməsinə və sanksiyalardan yayınmasına imkan verən şəbəkələri və maliyyə kanallarını hədəfə alacaq.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) İranın nüvə və raket proqramlarına, kiber fəaliyyətlərinə və neft gəlirlərinə dəstək verdiyi bildirilən 60-dan çox şirkət, şəxs və gəmini sanksiya siyahısına daxil edib.

 Sanksiyaların əsas istiqamətlərindən biri İran neftinin ən böyük alıcılarından olan Çinlə bağlıdır. ABŞ rəsmiləri Çin banklarının da sanksiyalardan kənarda qalmayacağını bildiriblər.

 Çin tərəfi isə sanksiya və təzyiq siyasətinin problemlərin həllinə kömək etmədiyini açıqlayıb. Pekin öz milli maraqlarını qorumaq üçün zəruri addımları atacağını bildirib.