Türkiyənin daşınmaz əmlak bazarında 2025-ci ildə satışların artmasına baxmayaraq, inflyasiya nəzərə alındıqda real qiymətlərdə azalma qeydə alınıb.
Monetar.az xəbər verir ki, bazara dair məlumatlara görə, 2025-ci ildə ölkədə 1,76 milyon daşınmaz əmlak alqı-satqısı həyata keçirilib. Bu, əvvəlki illə müqayisədə 13,58 faiz çoxdur. Eyni zamanda, daşınmaz əmlakın nominal qiymətləri 26 faiz artsa da, inflyasiya nəzərə alındıqda real qiymətlər 2,69 faiz azalıb.
Məlumata görə, Türkiyədə yaşayış sahələri üzrə kirayə gəlirliliyi 7-8 faiz səviyyəsindədir. Bu göstəricinin Avropanın orta göstəricisindən iki dəfədən çox yüksək olduğu bildirilir.
Bununla belə, Türkiyədə xarici investorların daşınmaz əmlaka marağı son 9 ilin ən aşağı səviyyəsinə düşüb. Ekspertlər hesab edirlər ki, qiymətlərin dollar ifadəsində nisbətən əlverişli olması xarici investorlar üçün bazarda yeni imkanlar yarada bilər.
Mənbədə həmçinin 2026-cı ilin iyunundan qüvvəyə minəcəyi bildirilən yeni vergi güzəştlərinin xarici investorların Türkiyənin daşınmaz əmlak bazarına marağını artıra biləcəyi qeyd olunur.