İranın milli valyutası rial ABŞ-ın Tehrana qarşı iqtisadi təzyiqlərini artırdığı bir vaxtda dollar qarşısında tarixi minimuma enib.
Monetar.az xəbər verir ki, “ bazar ertəsi qeyri-rəsmi valyuta bazarında 1 ABŞ dolları 1,992 milyon rial səviyyəsində olub. Ötən həftə ilə müqayisədə rialın məzənnəsi 4,5 faiz ucuzlaşıb.
Məlumata görə, digər qeyri-rəsmi məzənnə platforması TGJU bazar günü dolların 2 milyon rial həddini keçdiyini bildirib. Lakin ticarətin sonunda məzənnə bir qədər aşağı düşüb.
ABŞ-ın İranı iqtisadi baxımdan təcrid etmək səyləri milli valyutaya təzyiqi artırır. Vaşinqton İranın əsas ticarət tərəfdaşlarına qarşı təzyiqləri gücləndirir, ölkənin Fars körfəzindəki əsas limanlarına məhdudiyyətlər tətbiq edir və əsas valyuta gəliri mənbəyi olan neft ixracını çətinləşdirir.
İran Mərkəzi Bankının rəhbəri ölkənin neft ixracının “demək olar ki, dayandığını” bildirib. İranın əsas ticarət tərəfdaşlarından olan Birləşmiş Ərəb Əmirlikləri də Tehranla bütün maliyyə əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırdığını açıqlayıb.
Çin isə ABŞ-ın İrana qarşı iqtisadi təzyiqlərinin nəticə verməyəcəyini bildirərək, müharibənin diplomatik yolla həllinə çağırıb. İranın xarici işlər naziri də ölkəsinin Çinlə əməkdaşlığa yönəlmiş tərəfdaşlarla ticarəti genişləndirməyi planlaşdırdığını açıqlayıb.