"ING" analitiklərinin fikrincə, Yapon yeni ABŞ dollarına nisbətdə təxminən 20% ucuz qiymətləndirilir. Bank hesab edir ki, bu fərq 2026-cı il ərzində də qorunub və ABŞ-ın maliyyə naziri Skott Bessent iyulun sonunda həyata keçirilən ABŞ–Yaponiya birgə valyuta müdaxiləsinin uğurlu olacağına inanır.
"ING"nin qlobal bazarlar üzrə rəhbəri Kris Törner bildirib ki, keçmiş hedc-fond meneceri olan Bessent 1998-ci il Asiya maliyyə böhranından bəri yenin dəstəklənməsi məqsədilə keçirilən ilk birgə müdaxiləyə ciddi siyasi kapital yatırıb.
Analitiklərin fikrincə, Bessentin mövqeyi yenin dəyərinin aşağı olması və Yaponiyada pul-kredit siyasətinin sərtləşəcəyi gözləntilərinə əsaslanır. Hazırda bazarlar sentyabr ayında Yaponiya Bankının faiz dərəcələrini artırmaq ehtimalını təxminən 75% qiymətləndirir.
"ING"nin valyuta strateqi Françesko Pezole bildirib ki, bankın ticarət şərtləri, məhsuldarlıq, cari hesab balansı və dövlət xərclərini nəzərə alan modelinə görə, USD/JPY məzənnəsi 2026-cı il ərzində ədalətli dəyərindən 20%-dən çox yuxarı olub.
Törner qeyd edib ki, mərkəzi bankların siqnallarının valyuta bazarlarında dönüş yaratdığı hallar əvvəllər də müşahidə olunub. O, 2023-cü ildə İsveç Mərkəzi Bankının kronanı dəstəkləmək üçün ehtiyatlarını hedc etməsini və Meksika Mərkəzi Bankının dollar üzrə forvard mövqelərini bağlamasını buna nümunə göstərib. Hər iki valyuta sonradan mövqeyini qoruyub.
Analitik hesab edir ki, yenin uzunmüddətli möhkəmlənməsi üçün Yaponiya kapitalının daha böyük hissəsinin ölkəyə qaytarılması vacibdir. Bu məqsədlə Tokionun 2040-cı ilədək 370 trilyon yen həcmində dövlət-özəl investisiyalarını nəzərdə tutan yeni iqtisadi strategiyası mühüm rol oynaya bilər.
Törnerin sözlərinə görə, gələcəkdə NISA investisiya hesablarına dövlət istiqrazlarının daxil edilməsi və ya Yaponiyanın Dövlət Pensiya İnvestisiya Fondunun aktivlərinin daha çox daxili bazara yönəldilməsi kimi addımlar da gündəmə gələ bilər. Onun fikrincə, bu məsələlər Yaponiya Bankının 30 oktyabr iclasında müzakirə oluna bilər.
"ING" baza ssenarisində USD/JPY məzənnəsinin 2026-cı ilin sonunda 158, 2027-ci ilin sonunda isə 152 səviyyəsində olacağını proqnozlaşdırır.
MONETAR.AZ