Hindistan Ehtiyat Bankının ötən cümə günü açıqladığı məlumata görə, avqustun 14-də başa çatan həftə ərzində ölkənin valyuta ehtiyatları təxminən 10 milyard dollar artaraq 716,9 milyard dollara çatıb. Bu, son altı ayın ən yüksək göstəricisidir.
Artımın əsas hissəsini xarici valyuta aktivləri təşkil edib. Bu aktivlər 7,2 milyard dollar, qızıl ehtiyatları isə 2,7 milyard dollar artıb.
Beləliklə, Hindistanın valyuta ehtiyatları ardıcıl yeddi həftədir yüksəlir. Bu müddət ərzində ehtiyatlar ümumilikdə təxminən 50 milyard dollar artaraq fevral ayında qeydə alınmış 728,5 milyard dollarlıq tarixi maksimuma xeyli yaxınlaşıb.
Ehtiyatların artması iyun ayında hökumət və mərkəzi bank tərəfindən tədiyyə balansını gücləndirmək və ölkəyə dollar axınını artırmaq məqsədilə qəbul edilən tədbirlərdən sonra sürətlənib. Bu tədbirlərə dövlət şirkətləri və bankların xarici borclanmaları üçün güzəştli hecinq alətləri, eləcə də xarici valyuta depozitləri cəlb edən banklar üçün ödənişsiz hecinq mexanizmi daxildir.
Hindistan Ehtiyat Bankı daxil olan vəsaitləri güzəştli valyuta svopları vasitəsilə öz valyuta ehtiyatlarına əlavə edir.
Mərkəzi bank ötən cümə günü bildirmişdi ki, avqustun 13-nə olan vəziyyətə görə bu proqramlar çərçivəsində ölkəyə təxminən 57 milyard dollar daxil olub. Bunun 50 milyard dollardan çoxu xarici valyuta depozitlərinin payına düşüb. Güclü kapital axını səbəbindən tənzimləyici depozitlərin hecinq mexanizminin bağlanma tarixini bir ay irəli çəkərək avqustun 31-nə təyin edib.
Mərkəzi bank qeyd edib ki, xarici valyuta aktivlərinin dəyərindəki dəyişikliklər yalnız valyuta axınlarını deyil, həm də ehtiyatların tərkibindəki digər valyutaların ABŞ dollarına qarşı məzənnə dəyişikliklərini əks etdirir.
MONETAR.AZ