"Morgan Stanley" hesab edir ki, Kanada bütün alüminium istehsalını ABŞ-a yönəltsə belə, Amerikanın idxal tələbatını tam ödəyə bilməyəcək.
ABŞ alüminium istehlakının təxminən 80%-ni idxal hesabına təmin edir və bu sahədə Kanada uzun illərdir ölkənin əsas xarici tədarükçüsüdür.
2026-cı ilin ilk altı ayında ABŞ 1,68 milyon ton alüminium idxal edib (aylıq orta hesabla 280 min ton). Həmin dövrdə Kanada ABŞ-a 1,16 milyon ton (ayda təxminən 192 min ton) alüminium ixrac edərək ölkənin idxal tələbatının təxminən 68%-ni qarşılayıb.
Eyni zamanda, Kanadanın ümumi alüminium istehsalı təxminən 1,6 milyon ton olub. Bu da ABŞ-ın idxal ehtiyacının təxminən 95%-nə bərabərdir. Başqa sözlə, Kanada istehsal etdiyi bütün alüminiumu ABŞ-a göndərsə belə, Vaşinqton yenə də digər ölkələrdən idxala ehtiyac duyacaq.
"Morgan Stanley" ABŞ-ın Kanada alüminiumunun bir hissəsinə tətbiq olunan tarifləri 50%-dən 25%-ə endirə biləcəyi ilə bağlı xəbərləri də təhlil edib. Analitiklərin fikrincə, belə bir qərar Kanada istehsalçılarını alüminiumu Avropa bazarı əvəzinə ABŞ-a yönəltməyə həvəsləndirə bilər.
Bununla belə, ABŞ bazarında tələb olunan son əlavə (marjinal) həcm yenə də 50%-lik tarifə məruz qalan digər ölkələrdən gələcək. Buna görə də bank hesab edir ki, ABŞ-ın Orta Qərb regionunda alüminium üzrə qiymət mükafatı (Midwest premium) yüksək tariflərin təsirini əks etdirməyə davam edəcək.
Analitiklərin qiymətləndirməsinə görə, bu mükafat hazırda tariflərin nəzərdə tutduğu səviyyədən təxminən 30% yüksəkdir. Bunun əsas səbəblərindən biri Kanada alüminiumu uğrunda ABŞ və Avropa alıcıları arasında rəqabətdir. Tariflərin yumşaldılması bu rəqabəti zəiflədərək Orta Qərb mükafatını müəyyən qədər aşağı sala bilər.
"Morgan Stanley" hesab edir ki, qiymət mükafatı mövcud əlavə üstünlüyünün təxminən yarısını, yəni hər funt üçün 10–12 sent itirə bilər.
Kanada tədarüklərinin daha böyük hissəsinin ABŞ-a yönəlməsi qısamüddətli dövrdə Avropada alüminium üzrə mükafatların yüksəlməsinə səbəb ola bilər. Lakin Yaxın Şərqdən təklifin bərpası bu təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər.
Bank həmçinin qeyd edir ki, ABŞ-da daxili istehsalın artırılması istiqamətində də addımlar atılır. "Emirates Global Aluminium" və "Century Aluminum" illik 750 min ton istehsal gücünə malik yeni alüminiuməritmə zavodu tikməyi planlaşdırırlar.
MONETAR.AZ