ABŞ və Kanada açıq ticarət müharibəsinə doğru irəliləyir

ABŞ və Kanada açıq ticarət müharibəsinə

Ottava və Vaşinqton arasında ticarət danışıqlarının dayandırılmasından sonra bu gün Kanada dolları ucuzlaşıb. Bu addım hər iki ölkədə geniş çeşiddə idxal mallarının bahalaşması riskini artırıb. Bu barədə "CNBC" yazır.

Ötən şənbə günü ABŞ Meksikadan sonra ikinci ən böyük ticarət tərəfdaşı olan Kanadadan təxminən 20 milyard dollar dəyərində idxala 50%-lik rüsum tətbiq edib. Rüsumlar süd məhsulları, şərab, taxta məmulatları, keramika və bir sıra digər məhsul kateqoriyalarına şamil olunur.

Kanadanın Baş naziri Mark Karni polad, süd məhsulları, kənd təsərrüfatı texnikası, kağız və elektronika kimi sektorlara qarşılıq olaraq sentyabrın 8-dən etibarən "dollara dollar" prinsipi ilə rüsumlar tətbiq edəcəklərini bildirib. Karni əlavə edib ki, tədbirlərin detalları "yaxın günlərdə" açıqlanacaq.

Kanada dolları ABŞ dollarına qarşı 0,55% ucuzlaşıb. "Luni" həmçinin avro, Britaniya funtu və Yaponiya yenası qarşısında da dəyər itirib.

"Daha kiçik və daha açıq iqtisadiyyat kimi Kanada bu qarşıdurmadan daha çox itirir. Lakin Baş nazir Mark Karni zərər çəkmiş biznesləri dəstəkləmək üçün yeni büdcə stimullarına yol açmağa hazır görünür", — deyə "ING" bankının valyuta strateqləri bazar ertəsi qeyd ediblər.

Danışıqlar aparan tərəflər bütün həftə ərzində razılaşma əldə etməyə çalışır və rəsmi şəxslər sövdələşmənin yaxın olduğunu bildirirdilər. Lakin həftəsonuna doğru ritorika sərtləşib və tərəflər razılaşmanın pozulmasına görə bir-birini ittiham etməyə başlayıblar.

Karni bildirib ki, ABŞ "çox şey istəyirdi və çox az şey təklif edirdi".

"Biz Kanadanın suverenliyindən güzəştə getməyə və ya əsas sahələrimizə xələl gətirməyə hazır deyildik", — deyə o bildirib.

ABŞ Prezidenti Donald Tramp isə bazar günü "Truth Social" platformasında yazıb: "Kanada ştat olmadan onun üstünlüklərindən yararlanmaq istəyir!!! Onlar həmçinin uzun illərdir bizim böyük fermerlərimizə böyük rüsumlar tətbiq edirlər. Bəsdir!!!"

MONETAR.AZ