Alpları dünyanın ən zəngin insanları üçün yeraltı anbara çevirirlər

Alpları dünyanın ən zəngin insanları üçün

İsveçrədə Alpların dərinliklərində yüksək təhlükəsizlik standartlarına malik yeni yeraltı anbar kompleksi inşa olunur. "Bild" nəşrinin məlumatına görə, layihə qızıl, nağd pul, incəsənət əsərləri, qiymətli kolleksiyalar və lüks avtomobillər kimi aktivlərin uzunmüddətli saxlanılması üçün nəzərdə tutulub.

Kompleks yer səthindən 100 metrdən artıq dərinlikdə yerləşəcək və təhlükəsizlik baxımından İsveçrə Milli Bankının istifadə etdiyi standartlara yaxın səviyyədə qorunacaq. Layihədə silahlı hücumlar, yanğın, təbii fəlakətlər və digər potensial risklər nəzərə alınaraq çoxpilləli mühafizə sistemi qurulur.

Layihə "Brünig Mega Safe AG" şirkəti tərəfindən Brünik dağ massivində həyata keçirilir. Şirkətin rəhbəri Tomas Qasser bildirib ki, tikinti işlərinə 2026-cı ilin yanvarında başlanılıb. Hazırda yüksək mühafizə olunan əsas hissənin karkası tamamlanıb, 2027-ci ilin əvvəlində isə anbar bloklarının giriş portalının tikintisinə start verilməsi planlaşdırılır. İlk anbarların 2028-ci ildə istifadəyə verilməsi gözlənilir.

Layihə çərçivəsində dağ massivində 20–25 fərdi anbar sahəsinin yaradılması nəzərdə tutulur. Hər bir sahənin 99 illik icarə haqqının 1 milyon avroya qədər çatacağı bildirilir. İcarə hüquqları İsveçrənin torpaq kadastrında qeydiyyata alınacaq ki, bu da onları hüquqi baxımdan ənənəvi bank seyflərindən daha çox daşınmaz əmlaka bənzədir.

Kompleksə giriş yalnız bir neçə mərhələdən ibarət təhlükəsizlik yoxlamasından sonra mümkün olacaq. Təhlükəsizlik sisteminin texniki xüsusiyyətləri açıqlanmasa da, burada narkotik vasitələr və partlayıcı maddələr istisna olmaqla, demək olar ki, istənilən qiymətli əşyanın saxlanılmasına icazə veriləcək. Bildirilir ki, ilk müştərilərlə müqavilələr artıq imzalanıb.

İsveçrədə keçmiş hərbi tunellərin mülki məqsədlərlə istifadəsi geniş yayılıb. Soyuq müharibə dövründə inşa edilmiş bu obyektlərin bir hissəsi sonradan pendir anbarlarına, göbələk fermalarına, məlumat mərkəzlərinə və müxtəlif saxlanc komplekslərinə çevrilib.

Məlumata görə, ən böyük steyblkoinlərdən biri olan USDT-nin emitenti "Tether" də qızıl ehtiyatlarının bir hissəsini İsveçrədə yerləşən keçmiş nüvə sığınacaqlarından birində saxlayır. Lakin "Brünig Mega Safe AG"nin layihəsi miqyası, təhlükəsizlik səviyyəsi və əsasən yüksək sərvətə malik müştərilərə yönəlməsi ilə bu sahədə seçilən təşəbbüslərdən biri hesab olunur.

MONETAR.AZ