İsveçrə və Çin iki ölkə arasında qüvvədə olan azad ticarət sazişinin əhatə dairəsini genişləndirmək barədə razılığa gəliblər. Yeni razılaşma keçid müddətləri başa çatdıqdan sonra İsveçrənin Çinə ixracının demək olar ki, tam hissəsinin gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur.
İsveçrənin İqtisadiyyat, Təhsil və Tədqiqat üzrə Federal Departamentinin məlumatına görə, genişləndirilmiş saziş ölkənin Çinə hazırkı ixracının 99,8%-i üçün rüsumsuz rejim yaradacaq. Müqayisə üçün, 2014-cü ildən qüvvədə olan mövcud saziş İsveçrə ixracının yalnız bir qədər çox yarısının gömrük rüsumlarından azad edilməsinə imkan verir.
Çindən İsveçrəyə idxal olunan məhsulların isə artıq demək olar ki, hamısı gömrük rüsumlarından azaddır.
Saziş üzrə danışıqlar İsveçrənin Federal Prezidenti və iqtisadiyyat naziri Gi Parmelenlə Çinin ticarət naziri Van Ventao arasında Bern şəhərində keçirilən görüş zamanı yekunlaşdırılıb.
Yeni razılaşma yalnız tariflərin azaldılmasını əhatə etmir. Sənəd İsveçrə investorlarının Çin bazarına çıxış imkanlarının genişləndirilməsini, həmçinin ətraf mühitin qorunması və əmək hüquqları ilə bağlı müddəaların gücləndirilməsini nəzərdə tutur.
Genişləndirilmiş saziş çərçivəsində mənşə qaydaları, ticarətin asanlaşdırılması, xidmətlər ticarəti, rəqəmsal ticarət və rəqabət məsələləri də tənzimlənəcək. Bundan əlavə, sənəddə iki ölkə arasında iqtisadi və texniki əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müddəalar yer alacaq.
Tərəflərin sazişi bu ilin sonunadək imzalaması planlaşdırılır.
Danışıqlara 2024-cü ildə start verilib və proses beş raunddan sonra yekunlaşıb. Çin Avropa İttifaqı və ABŞ-dan sonra İsveçrənin üçüncü ən böyük ticarət tərəfdaşıdır.
Razılaşmanın genişləndirilməsi Pekinin Avropa ölkələri ilə iqtisadi əlaqələri dərinləşdirmək səyləri fonunda baş verir. İsveçrə üçün isə yeni şərtlər dünyanın ən böyük bazarlarından birinə ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
MONETAR.AZ