Bakının üç küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, ilk məhdudiyyət Suraxanı rayonunun Günəşli qəsəbəsində yerləşən Mürsəl Kazımlı küçəsində bu gün, avqustun 21-də saat 19:00-dan qüvvəyə minəcək.
Avqustun 22-də isə daha iki ünvanda hərəkət məhdudlaşdırılacaq. Saat 09:00-dan etibarən Səbail rayonunda Gülistan küçəsində — "Gülüstan" sarayına aparan yolda, eləcə də Əlibəyov qardaşları küçəsində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
Sözügedən küçələrdə tətbiq ediləcək məhdudiyyətlər təmir işləri tam başa çatdırılanadək davam edəcək.
Sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.