Çinin özüidarəolunan nəqliyyat texnologiyaları üzrə ixtisaslaşmış Pony.ai şirkəti beynəlxalq bazarlarda robotaksi xidmətlərini genişləndirməyi planlaşdırır.
Şirkətin açıqlamasına görə, planlaşdırılan və potensial layihələr nəzərə alınmaqla, Çindən kənarda 4 000-dən çox robotaksinin istifadəyə verilməsi nəzərdə tutulur.
Pony.ai eyni zamanda bu ilin sonuna qədər ümumi robotaksi parkının 3 500 avtomobilə çatdırılmasını hədəfləyir. Bununla belə, şirkət xarici layihələrin hansı tarixlərdə tam reallaşdırılacağını açıqlamayıb. Hazırda beynəlxalq bazarlarda neçə robotaksinin fəaliyyət göstərdiyi barədə də konkret rəqəm təqdim edilməyib.
Şirkət ötən həftə "Uber"lə tərəfdaşlığını genişləndirərək Avropada 2 000-dən çox robotaksi yerləşdirmək niyyətini açıqlamışdı.
Robotaksi bazarında fəaliyyət göstərən şirkətlər son dövrdə yalnız daxili bazarla məhdudlaşmayaraq beynəlxalq arenada mövqelərini gücləndirməyə çalışırlar. Çində rəqabətin artması və avtonom idarəetmə texnologiyalarının inkişafı fonunda Yaxın Şərq, Asiya və Avropa yeni layihələr və gəlir imkanları baxımından əsas istiqamətlər sırasında yer alır.
MONETAR.AZ