“Azərbaycan Hava Yolları” (AZAL) və ABB sərnişinlər üçün yeni ödəniş imkanını istifadəyə verib. Artıq AZAL-a məxsus təyyarələrin göyərtəsində təqdim olunan bəzi əlavə xidmətlərin haqqını ABB POS-terminalları vasitəsilə bank kartı ilə ödəmək mümkün olacaq.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni həll sərnişinlərə uçuş zamanı əlavə xidmətlərdən daha rahat yararlanmağa imkan verəcək.
Belə ki, mövcudluqdan asılı olaraq sərnişinlər ekonom sinifdə daha komfortlu oturacaq seçimi, eləcə də biznes və ya premium ekonom sinfinə keçid üçün ödənişi birbaşa təyyarənin göyərtəsində həyata keçirə biləcəklər.
Yeni sistem ödəniş prosesini həm sürətləndirməyi, həm də sərnişinlər üçün daha əlçatan etməyi hədəfləyir. Beləliklə, uçuş zamanı əlavə xidmət seçən sərnişin həmin xidmətin haqqını ayrıca onlayn əməliyyat həyata keçirmədən, birbaşa POS-terminal vasitəsilə ödəyə biləcək.
AZAL üçün yeni ödəniş sistemi sərnişin təcrübəsinin yaxşılaşdırılması və rəqəmsal həllərin aviaşirkətin xidmətlərinə inteqrasiyası istiqamətində növbəti addım kimi təqdim olunur.
Aviaşirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal imkanların tətbiqini genişləndirərək sərnişinlərin xidmətlərə çıxışını asanlaşdırmağa və seçim imkanlarını artırmağa çalışır.
ABB isə yeni xidməti müştərilərin gündəlik ehtiyaclarını daha geniş ekosistem çərçivəsində qarşılayan həllərin inkişafının bir hissəsi kimi qiymətləndirir. Bankın təqdim etdiyi bu imkanla POS-terminal vasitəsilə təyyarənin göyərtəsində ödənişlərin qəbul edilməsi də mümkün olur.
AZAL və ABB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi sərnişinlərin uçuş zamanı əlavə xidmətlərdən daha rahat istifadə etməsinə və ödəniş prosesini birbaşa göyərtədə həyata keçirməsinə şərait yaratmaqdır.