Rusiyadan buğda ixracına tətbiq olunan rüsum 1,4 dəfə artırılır

Rusiyadan buğda ixracına tətbiq olunan rüsum

Rusiyada buğda və qarğıdalı ixracına tətbiq olunan rüsumlar növbəti həftədən yüksəldiləcək. Yeni tariflər avqustun 26-dan qüvvəyə minəcək.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğdanın ixrac rüsumu avqustun 26-dan sentyabrın 1-dək bir ton üçün 1 012,1 rubl təşkil edəcək. Hazırda bu göstərici 721,1 rubl/tondur. Beləliklə, tarif təxminən 1,4 dəfə artacaq.

Qarğıdalı üzrə artım daha böyük olacaq. Bu məhsulun ixrac rüsumu 285 rubldan 607,3 rubl/tona yüksələcək ki, bu da iki dəfədən çox artım deməkdir.

Arpanın ixracına tətbiq olunan rüsum isə dəyişməyərək sıfır səviyyəsində qalacaq.

Yeni tariflər Rusiyada tətbiq olunan taxıl dempferi mexanizmi çərçivəsində hesablanıb. Sistemin qaydalarına əsasən, buğda üçün 18 min rubl, arpa və qarğıdalı üçün isə 17 875 rubl/ton baza qiyməti müəyyənləşdirilib.

İxrac məhsulunun indikativ qiyməti bu həddi keçdikdə, yaranan fərqin 70%-i ixrac rüsumu kimi tutulur.

"İnterfaks"ın məlumatına görə, yeni hesablamalarda indikativ qiymətlər əvvəlki dövrlə müqayisədə cüzi aşağı düşüb. Buğdanın indikativ qiyməti 229,5 dollar/ton, arpanın 191 dollar, qarğıdalının isə 221,2 dollar/ton təşkil edib. Əvvəlki göstəricilər müvafiq olaraq 231,2, 193,5 və 222,1 dollar olub.

Rusiyada taxıl dempferi mexanizmi 2021-ci il iyunun 2-dən tətbiq edilir. İxrac rüsumları Moskva birjasında qeydə alınan müqavilələr əsasında formalaşan indikativ qiymətlər nəzərə alınmaqla həftəlik yenidən hesablanır.

Bu mexanizmdən əldə olunan vəsait kənd təsərrüfatı istehsalçılarına subsidiya formasında qaytarılır. Beləliklə, qlobal bazarda taxıl qiymətlərinin yüksəlməsi rüsumların artmasına və nəticə etibarilə daxili istehsalçılara yönəldilən subsidiyaların çoxalmasına səbəb ola bilər.

Digər tərəfdən, yüksək ixrac rüsumları taxıl treyderlərinin xarici bazarlardan əldə etdiyi gəlirləri məhdudlaşdırır və Rusiyanın ixrac marjasına təzyiq yaradır.

MONETAR.AZ