Qara dənizdən tədarük dayanarsa, buğda bahalaşacaq

Qara dənizdən tədarük dayanarsa,

Qara dənizdə taxıl infrastrukturlarına hücumlar buğda tədarükündə problemlər yaradır. Monetar.az xəbər verir ki, Reuters-in məlumatına görə, tədarükün azalması dünya bazarında buğdanın qiymətinin artmasına və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin yüksəlməsinə səbəb olub.

Məlumata görə, Çikaqo birjasında buğda üzrə əsas fyuçerslərin qiyməti iyulun əvvəlindən etibarən 17 faizdən çox artıb. Qiymət artımının əsas səbəblərindən biri Qara dəniz regionundan tədarükün azalmasıdır.

Son həftələrdə Rusiya və Ukrayna arasında limanlara və gəmilərə qarşı qarşılıqlı hücumlar baş verib. Bunun nəticəsində bəzi taxıl terminallarının fəaliyyətinin dayandırıldığı, onlarla yükün yüklənməsinin təxirə salındığı və ya ləğv edildiyi bildirilir.

Reuters-in hesablamalarına görə, Asiya ölkələrindəki taxıl emalçıları iyul-sentyabr aylarında çatdırılmaq üçün Qara dəniz regionundan təxminən 2-2,5 milyon ton buğda alıblar. Bu həcm regionun idxal tələbatının təxminən 30-50 faizini təşkil edir.

Mütəxəssislər bəzi yüklərin vaxtında çatdırılmaması ehtimalının artdığını bildirirlər. İndoneziya Un Dəyirmanları Assosiasiyasının nümayəndəsi isə hazırkı ehtiyatların ölkənin yaxın müddətli ərzaq buğdasına olan tələbatını ödəməyə kifayət etdiyini deyib.

Bununla belə, Qara dənizdən tədarükün dayanması halında idxalçı ölkələr digər mənbələrə üz tutmalı olacaq. Buğdanın Bolqarıstan, Avstraliya, Rumıniya və Argentina kimi ölkələrdən alınmasının isə daha baha başa gələcəyi bildirilir.

Reuters-in məlumatına görə, hazırda Avstraliya buğdasının Asiyaya çatdırılma və fraxt xərcləri daxil qiyməti ton üçün 315-320 dollar, ABŞ buğdasının qiyməti isə təxminən 305 dollardır. Qara dəniz regionundan buğda isə təxminən 260-280 dollar qiymətinə təklif olunur.