Azərbaycanda ev təsərrüfatlarının heyvan və quş saxlaması gəlir səviyyəsindən asılı olaraq fərqlənir. Statistik göstəricilər göstərir ki, gəlir artdıqca bəzi təsərrüfatlarda heyvan və quş saxlayanların payı azalsa da, saxlanılan heyvanların orta sayı artır.
İnək saxlayan təsərrüfatların payı gəlir qrupları üzrə 19,2–21,8 faiz arasında dəyişir. Ən yüksək göstərici ikinci gəlir qrupunda, ən aşağı göstərici isə ən yüksək gəlir qrupunda qeydə alınıb. Bununla belə, yüksək gəlirli təsərrüfatlarda daha çox inək saxlanılır. Ən yüksək gəlir qrupunda bir təsərrüfata orta hesabla 4,8 inək düşür.
Qoyunçuluqda fərq daha böyükdür. Qoyun saxlayan təsərrüfatların payı 6,6–8,3 faiz arasında dəyişir. Ən aşağı gəlir qrupunda bir təsərrüfatda orta hesabla 16,8 qoyun olduğu halda, ən yüksək gəlir qrupunda bu rəqəm 42,9 başa çatır. Bu, gəliri yüksək olan təsərrüfatların qoyunçuluğu daha böyük miqyasda apardığını göstərir.
Keçi saxlayan təsərrüfatların payı aşağı gəlir qruplarında təxminən 1 faiz olduğu halda, ən yüksək gəlir qrupunda 2 faizə yüksəlir. Həmin təsərrüfatlarda orta hesabla 18,5 keçi saxlanılır.
Camış saxlayan təsərrüfatların payı isə bütün gəlir qruplarında çox aşağıdır və 0,7–1,2 faiz arasında dəyişir. Bir təsərrüfata düşən orta camış sayı ən yüksək üçüncü gəlir qrupunda 4,2 baş olub.
At saxlayan təsərrüfatların payı gəlir artdıqca azalır. Bu göstərici ən aşağı gəlir qrupunda 1,8 faiz, ən yüksək gəlir qrupunda isə 1 faiz təşkil edir. Eşşək saxlayan təsərrüfatların payı isə 0,2–0,5 faiz arasında dəyişir.
Ev təsərrüfatlarında ən çox saxlanılan quş toyuqdur. Ən aşağı gəlir qrupunda təsərrüfatların 50,9 faizi toyuq saxlayır. Ən yüksək gəlir qrupunda isə bu göstərici 41 faizə düşür.
Lakin toyuqların sayı əksinə, gəlir artdıqca çoxalır. Ən aşağı gəlir qrupunda bir təsərrüfata orta hesabla 20,3 toyuq düşdüyü halda, ən yüksək gəlir qrupunda bu rəqəm 24,6-ya çatır.
Hind toyuğu saxlayan təsərrüfatların payı da yüksək gəlir qrupunda azalır. Birinci gəlir qrupunda bu göstərici 10,5 faiz, beşinci qrupda isə 8,3 faizdir. Bununla yanaşı, bir təsərrüfatda saxlanılan hind toyuqlarının orta sayı 6,7-dən 8,4-ə yüksəlir.
Qaz və ördək saxlayan təsərrüfatların payında da oxşar vəziyyət müşahidə olunur. Qaz saxlayanların payı 8,7 faizdən 7 faizə, ördək saxlayanların payı isə 8,8 faizdən 7,3 faizə enir. Buna baxmayaraq, bu təsərrüfatlarda saxlanılan quşların orta sayı ümumilikdə artır.
Arı ailəsi saxlayan təsərrüfatların payı gəlir qrupları üzrə 1,2–2,3 faiz arasında dəyişir. Ən yüksək göstərici dördüncü gəlir qrupunda qeydə alınıb.
Ən yüksək gəlir qrupunda bir təsərrüfata orta hesabla 17,4 arı ailəsi düşür.
MONETAR.AZ