Tramp mal əti qiyməsinin idxal kvotalarını müvəqqəti yumşaldacaq

Tramp mal əti qiyməsinin idxal kvotalarını

ABŞ Prezidenti Donald Tramp ölkədə ərzaq qiymətlərini sabitləşdirmək məqsədilə mal əti qiyməsinin idxalı ilə bağlı müvəqqəti güzəşt tətbiq olunacağını açıqlayıb.

Tramp sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, növbəti 90 gün ərzində ABŞ-a 300 min metrik tona qədər mal əti qiyməsinin kvotadan kənar rüsumsuz idxalına icazə veriləcək.

Prezidentin sözlərinə görə, bu qərar nəticəsində idxal olunacaq məhsulun bazardakı mövcud qiymətlərdən təxminən 25% ucuz satılması nəzərdə tutulur.

"Bu razılaşma amerikalılar üçün qiymətləri aşağı salacaq, eyni zamanda ABŞ-da iribuynuzlu mal-qaranın sayının bərpasına imkan yaradacaq", – deyə Tramp qeyd edib.

Bununla belə, o, mal ətinin hansı ölkələrdən idxal ediləcəyini və qiymətlərin endirilməsi öhdəliyini hansı tərəfin üzərinə götürdüyünü açıqlamayıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin bu ilin əvvəlində açıqladığı və The Wall Street Journal tərəfindən yayılan məlumatlara əsasən, ölkədə iribuynuzlu mal-qaranın sayı son 75 ilin ən aşağı səviyyəsinə enib.

Məlumata görə, fermerlər son illərdə yüksək mənfəət əldə etdikləri üçün sürüləri genişləndirməkdə ehtiyatlı davranırlar. Bu isə daxili bazarda mal əti təklifinin məhdud qalmasına və qiymətlərin yüksək səviyyədə saxlanmasına səbəb olur.

ABŞ mediası daha əvvəl xəbər vermişdi ki, Tramp administrasiyası daxili ərzaq istehsalının artırılmasını prioritet elan edib və ərzaq məhsullarının bahalaşmasını cilovlamaq üçün iri pərakəndə satış şəbəkələri ilə danışıqlar aparır.

İyul ayında ABŞ-ın ən böyük pərakəndə satış şəbəkəsi olan "Walmart" minlərlə məhsul üzrə endirim kampaniyası çərçivəsində mal əti qiyməsinin qiymətini 12% azaltacağını açıqlamışdı.

Tramp hesab edir ki, digər iri pərakəndə satış şəbəkələri də oxşar addımlar atmalıdır. Ağ Ev yüksək inflyasiya, o cümlədən benzinin bahalaşması fonunda ərzaq məhsullarının qiymətinin aşağı salınmasını iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi qiymətləndirir.

Yeni qərarın məqsədi qısamüddətli dövrdə bazarda təklifi artırmaq, istehlakçılar üçün qiymətləri aşağı salmaq və eyni zamanda ABŞ-da mal-qara təsərrüfatının bərpası üçün vaxt qazanmaqdır.

MONETAR.AZ