Azərbaycanda kənd yerlərində sabit telefon rabitəsində dəyişikliklər baş verib. Xüsusilə 2025-ci ildə sabit telefon xətlərinin və ev təsərrüfatlarına düşən telefonların sayında ciddi azalma qeydə alınıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına görə, kənd yerlərində sabit telefon xətlərinin sayı 2021-ci ildə 325,4 min olduğu halda, 2025-ci ildə 208,8 minə düşüb.
Beləliklə, 5 il ərzində kənd yerlərində sabit telefon xətlərinin sayı 116,6 min ədəd və ya təxminən 36 faiz azalıb.
Mənzillərdə olan sabit telefon xətlərinin sayı da azalıb. 2021-ci ildə kənd yerlərində 314,6 min yaşayış telefon xətti olduğu halda, 2025-ci ildə bu göstərici 188,6 minə enib.
Kənd əhalisinin hər 100 nəfərinə düşən sabit telefon xətlərinin sayı isə 2021–2024-cü illərdə 7-dən 9-a yüksəlib. Lakin 2025-ci ildə yenidən 7-yə düşüb.
2021-ci ildə hər 100 ev təsərrüfatına orta hesabla 32 sabit telefon xətti düşdüyü halda, 2022-ci ildə bu göstərici 31, 2023-cü ildə 32, 2024-cü ildə 31 olub. 2025-ci ildə isə göstərici kəskin azalaraq 19-a düşüb.
Eyni zamanda, ATS-lərin sayı 2021-ci ildə 1 439 olduğu halda, 2024-cü ildə 1 436 olub, 2025-ci ildə isə 708-ə enib. ATS-lərin ümumi tutumu isə 2021-ci ildəki 400,1 min nömrədən 2025-ci ildə 1 milyon 433,9 min nömrəyə yüksəlib.