“Windows 11” istifadəçiləri əməliyyat sistemində quraşdırılmış “Windows Defender” antivirusunun fəaliyyəti ilə bağlı qəribə problemlə üzləşiblər.
“MakeUseOf”un yazdığına görə, “Windows 11”in yeni versiyalarından istifadə edən bəzi kompüter sahibləri sistemdən antivirus müdafiəsinin söndürüldüyü barədə xəbərdarlıq alırlar. Bununla belə, parametrləri yoxlayan zaman “Windows Defender”in əslində aktiv olduğu məlum olur.
İstifadəçilərə ekranda antivirus müdafiəsini aktivləşdirməyi tələb edən bildirişlər göstərilir. Lakin sistemin təhlükəsizlik bölməsində aparılan yoxlama antivirusun işlək vəziyyətdə olduğunu göstərir.
Problem “Windows”un bütün nüsxələrində quraşdırılmış “Windows Defender” xidmətinə aiddir. “Microsoft” isə hələlik sözügedən nasazlıqla bağlı rəsmi açıqlama verməyib. Nəşrin qeyd etdiyi kimi, şirkətin bəzi “Windows” problemlərinə reaksiya verməsi və onların aradan qaldırılması həftələrlə vaxt ala bilir.
Mütəxəssislər istifadəçilərə “Windows Defender”i deaktiv etməməyi və antivirusun həqiqətən aktiv olub-olmadığını sistem parametrlərindən yoxlamağı tövsiyə edirlər.
Bunun üçün “Privacy & Security” bölməsinə keçmək, daha sonra “Windows Security” və “Virus & threat protection” bölmələrini açmaq lazımdır. Növbəti mərhələdə “Virus & threat protection settings” menyusundan antivirus müdafiəsinin aktiv vəziyyətdə olub-olmadığını yoxlamaq mümkündür.
Bu, “Windows 11” istifadəçilərinin son vaxtlar qarşılaşdığı ilk problem deyil. Avqust yeniləməsindən sonra bəzi istifadəçilər kompüterlərin məhsuldarlığının aşağı düşdüyündən şikayətləniblər. Bildirilir ki, KB5121003 yeniləməsi xüsusilə oyun oynayan istifadəçilər üçün müxtəlif problemlərə səbəb olub.
MONETAR.AZ