Dünya üzrə istehsal şirkətlərinin 60 %-i növbəti iki il ərzində rəqəmsal texnologiyalara tam keçməyi planlaşdırır. Hazırda isə şirkətlərin cəmi 9%-i özünü tam rəqəmsal hesab edir. Bu barədə Kaspersky və VDC Research tərəfindən aparılan araşdırmada bildirilir.
Şirkətlərin rəqəmsallaşmaya əsas səbəbləri istehsalın və səmərəliliyin artırılması (24%), xərclərin azaldılması (15%), yeni strateji imkanların əldə edilməsi (14%) və kiberdayanıqlılığın gücləndirilməsidir (13%).
Rəqəmsallaşma zavodları daha səmərəli etsə də, kibertəhlükəsizlik risklərini də artırır. MES, SCADA, IIoT sensorları və digər avtomatlaşdırılmış sistemlər istehsal proseslərinə daha çox inteqrasiya olunur. Bu sistemlərdə yaranan nasazlıq və ya kiberhücum istehsalın yavaşlamasına, hətta tam dayanmasına səbəb ola bilər.
Beləliklə, kibertəhlükəsizlik artıq yalnız İT məsələsi deyil. Kiberinsidentlər məhsul qüsurlarına, avadanlıqların dayanmasına, təchizat zəncirinin pozulmasına və ciddi maliyyə itkilərinə gətirib çıxara bilər.
Araşdırmaya görə, istehsal şirkətlərinin təxminən 60%-i bir kiberinsidentin zərərini orta hesabla 1 milyon dollardan çox qiymətləndirir. Belə insidentlər zamanı istehsalın dayanması orta hesabla 15,3 saat davam edir. Əsas itkilər isə yalnız insidentin araşdırılması ilə bağlı xərclərdən deyil, istehsalın dayanması, sifarişlərin gecikməsi və mümkün cərimələrdən yaranır.
Mütəxəssislər hesab edir ki, istehsal müəssisələrində kibertəhlükəsizlik İT, OT və IoT sistemlərini birlikdə əhatə etməlidir. Bununla yanaşı, ehtiyat nüsxələrin yaradılması, sistemlərin sürətli bərpası, köhnə avadanlıqların qorunması və insidentlərə çevik reaksiya mexanizmləri də vacibdir.
Araşdırmada məsuliyyət bölgüsü də əsas problemlərdən biri kimi göstərilir. Şirkətlərin 59%-ində təhlükəsizlik siyasətlərinə İT şöbələri cavabdehdir. Lakin istehsal mühitinin spesifik xüsusiyyətləri nəzərə alınmadıqda təhlükəsizlik tədbirləri əməliyyatların normal fəaliyyətinə mane ola bilər. Respondentlərin 44%-i çoxsaylı təhlükəsizlik alətlərinin idarə edilməsini, 38%-i isə texnoloji sistemlərə yeniləmələrin quraşdırılmasını problem hesab edir.
Nəticə etibarilə, istehsalın rəqəmsallaşması ilə kibertəhlükəsizlik arasında birbaşa əlaqə yaranır. Şirkətlər üçün məqsəd yalnız kiberhücumların qarşısını almaq deyil, hücum baş verdikdə istehsalın mümkün qədər az zərər görməsini və qısa müddətdə bərpa olunmasını təmin etməkdir.
VDC Research-in müxtəlif ölkə və sənaye sahələrindən 250-dən çox İT və OT rəhbəri arasında apardığı sorğuya əsaslanan araşdırma göstərir ki, rəqəmsal transformasiya sürətləndikcə istehsal müəssisələrinin kibertəhlükəsizliyə yanaşması da dəyişməlidir. Artıq kibertəhlükəsizlik istehsalın rəqəmsallaşmasının əlavə elementi deyil, onun ayrılmaz hissəsidir.
MONETAR.AZ