“Google” Android istifadəçilərinin təsdiqlənməmiş mənbələrdən tətbiq quraşdırmasını çətinləşdirən yeni qaydanı mərhələli şəkildə tətbiq etməyə başlayıb. Yeni mexanizmə əsasən, istifadəçi yoxlanılmamış tərtibatçı tərəfindən təqdim edilən tətbiqi dərhal quraşdıra bilməyəcək və 24 saat gözləməli olacaq.
“Google” nümayəndələri bu barədə “Reddit” platformasında Android-də tətbiq yoxlamaları ilə bağlı yenilikləri açıqlayarkən məlumat veriblər.
Yeni qaydaya görə, APK faylını quraşdırmaq istəyən istifadəçi əvvəlcə “Tərtibatçı parametrləri”nə daxil olaraq “Yoxlanılmamış tərtibatçılardan olan tətbiqlərə icazə ver” funksiyasını aktivləşdirməlidir. Bu seçim işə salındıqdan sonra 24 saatlıq gözləmə müddəti başlayır.
Müddət başa çatdıqdan sonra istifadəçi yenidən həmin bölməyə daxil olaraq tətbiqin quraşdırılmasına icazə verməlidir. İcazənin 7 gün müddətinə və ya müddətsiz verilməsi mümkündür. Bundan sonra tərtibatçı parametrlərini yenidən deaktiv etmək olar.
“Google”un bildirdiyinə görə, dəyişikliklər “Google Play”ə alternativ tətbiq mağazalarında yoxlanılmış proqramlara şamil edilməyəcək.
“Google” Android-də kənar mənbələrdən tətbiq quraşdırılmasına əlavə məhdudiyyətlərin tətbiq ediləcəyini hələ mart ayında açıqlamışdı. Şirkət yeni təhlükəsizlik mexanizmlərinin əsas məqsədinin istifadəçiləri zərərli proqramlardan və potensial təhlükəli tətbiqlərdən qorumaq olduğunu bildirib.
Android uzun müddətdir istifadəçilərə rəsmi mağazadan kənar mənbələrdən proqram yükləmək imkanı verməsi ilə digər mobil əməliyyat sistemlərindən fərqlənir. Avqustun əvvəlində “MakeUseOf” nəşri də Android-in “iOS”la müqayisədə istifadəçilərə daha geniş sərbəstlik verdiyini qeyd edib.
Nəşrin məlumatına görə, Android qeyri-rəsmi tətbiq mağazalarından proqramların quraşdırılmasına imkan verir və istifadəçilərə cihazın interfeysini daha geniş şəkildə fərdiləşdirmək imkanı yaradır. Yeni məhdudiyyət isə məhz bu açıq ekosistemin təhlükəsizlik baxımından daha ciddi nəzarətə götürülməsi istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilir.
MONETAR.AZ