Rusiyanın "Skoltex" və Mərkəzi Universitet tədqiqatçıları kolleksiya sikkələrinin vəziyyətini avtomatik qiymətləndirən yeni süni intellekt (Sİ) modeli hazırlayıblar. TASS-ın məlumatına görə, sistem sikkənin həm ön, həm də arxa tərəfini eyni vaxtda təhlil edərək vizual xüsusiyyətləri və mətn təsvirlərini birlikdə qiymətləndirir.
Hazırda kolleksiya sikkələrinin həqiqiliyi və qorunma səviyyəsi əsasən mütəxəssislər tərəfindən 70 ballıq Şeldon şkalası üzrə əl ilə müəyyən edilir. Bu isə oxşar görünüşə malik nümunələrin qiymətləndirilməsində fərqli nəticələrin ortaya çıxmasına səbəb ola bilir.
"Skoltex"in mətbuat xidmətinin məlumatına görə, sınaqlar zamanı yeni alqoritm halların təxminən 59%-ində sikkənin dərəcəsini düzgün müəyyənləşdirib. Qiymətləndirilən sikkələrin 92%-ində isə xəta cəmi bir və ya iki bal təşkil edib.
Tərtibatçılar bildirirlər ki, hazırlanan model əvvəlki təsvirlərin təsnifatı əsasında işləyən alqoritmlərlə müqayisədə daha yüksək dəqiqlik nümayiş etdirib.
Layihə müəlliflərinin fikrincə, texnologiyanın daha da təkmilləşdirilməsi gələcəkdə kolleksiya sikkələrinin həm vəziyyətinin, həm də həqiqiliyinin qiymətləndirilməsi prosesinin böyük ölçüdə avtomatlaşdırılmasına imkan verəcək.
MONETAR.AZ