ABŞ Hörmüz boğazından neft daşınması üçün gizli marşrut təşkil edib

ABŞ Hörmüz boğazından neft daşınması üçün

ABŞ hərbçiləri Hörmüz boğazı vasitəsilə neft daşımalarının davam etdirilməsi məqsədilə gizli gəmiçilik dəhlizi yaradıb. Bu barədə iki amerikalı rəsminin məlumatına istinadən “Axios” nəşri xəbər yayıb.

Məlumata görə, son həftələr ərzində həyata keçirilən əməliyyat çərçivəsində hər gecə 15–20 neft tankeri Oman sahilləri boyunca yerləşən cənub marşrutu ilə Hörmüz boğazına daxil olur və eyni istiqamətlə geri qayıdır.

Rəsmilər bildiriblər ki, hazırda bu marşrut vasitəsilə gündə təxminən 10 milyon barel neft dünya bazarına çıxarılır. Bu həcm müharibədən əvvəlki gündəlik ixracın təxminən yarısına bərabər olsa da, qlobal enerji bazarında təklifin qorunmasına mühüm töhfə verir.

Mənbələrin sözlərinə görə, əməliyyat yalnız neftlə yüklənmiş tankerlərin təhlükəsiz çıxışını təmin etmir. ABŞ hərbçiləri boş tankerlərin də Ərəbistan dənizindən Hörmüz boğazı vasitəsilə Fars körfəzinə daxil olmasına, burada neft yükləməsinə və daha sonra təhlükəsiz şəkildə geri qayıtmasına dəstək göstərirlər.

“Biz artıq iki aydır ki, Hörmüz boğazının cənub dəhlizinə nəzarət edirik. SEPAH müəyyən maneələr yarada bilər, lakin boğaza nəzarət edən onlar deyil, bizik”, – deyə vəziyyətlə tanış olan ABŞ rəsmilərindən biri bildirib.

“Axios”un yazdığına görə, əməliyyatın idarə olunması ABŞ-ın Şimali Karolina ştatında yerləşən Fort Brəq hərbi bazasından həyata keçirilir. Burada fəaliyyət göstərən əməliyyat qrupu Fars körfəzi regionundakı tərəfdaşlarla koordinasiyalı şəkildə hər gün boğazdan keçəcək tankerlərin hərəkət cədvəlini hazırlayır.

Plan üzrə neft daşıyan gəmilər gecə saatlarında müəyyən edilmiş vaxt aralığında karvan şəklində boğazı tərk edir, boş tankerlər isə eyni qaydada əks istiqamətdə hərəkət edərək Fars körfəzinə daxil olurlar.

Məlumata əsasən, ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları tankerləri mümkün raket və pilotsuz uçuş aparatı hücumlarından qorumaq üçün onların təhlükəsizliyini təmin edir.

Nəşrin məlumatına görə, son günlər Hörmüz boğazı vasitəsilə daşınan neftin həcmi artaraq gündəlik 10 milyon barelə yaxınlaşıb. Ayrı-ayrı günlərdə isə körfəzdən 15–20 milyon barel neftin çıxarıldığı bildirilir.

Mənbələrin sözlərinə görə, bu həftə ərzində gecələrin birində 20-dən çox tanker cənub dəhlizi ilə Hörmüz boğazını keçərək təxminən 15 milyon barel nefti dünya bazarlarına çatdırmalı idi.

Qeyd edək ki, sözügedən məlumatlar ABŞ rəsmilərinin “Axios” nəşrinə verdiyi açıqlamalara əsaslanır və məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən əlavə təsdiq açıqlanmayıb.

MONETAR.AZ