Turizmin inkişafı üçün hava nəqliyyatı əlaqələri genişləndiriləcək

Turizmin inkişafı üçün hava nəqliyyatı

Azərbaycanın 2026–2030-cu illər üzrə turizm siyasətində nəqliyyat infrastrukturunun inkişafı və ölkənin beynəlxalq hava əlaqələrinin genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Monetar.az xəbər verir ki, Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026–2030-cu illərdə Azərbaycanla xarici ölkələr arasında birbaşa hava nəqliyyatı əlaqələrinin coğrafiyasının genişləndirilməsi və uçuşların intensivliyinin artırılması nəzərdə tutulur.

Sənədə əsasən, hər il ən azı bir yeni hədəf turizm istiqaməti üzrə uçuşlara başlanılması planlaşdırılır. Proqramın yekun hədəfi isə azı 4 yeni hədəf turizm istiqaməti üzrə uçuşların həyata keçirilməsi və mövcud istiqamətlər üzrə uçuş tezliyinin 20% artırılmasıdır.

Bununla yanaşı, aviabilet qiymətlərinin regional rəqib turizm destinasiyaları ilə müqayisədə rəqabətqabiliyyətli səviyyəyə gətirilməsi də qarşıya məqsəd qoyulub. Bu istiqamətdə ən azı 10 hədəf turizm bazarı üzrə aviabilet qiymətləri təhlil ediləcək və qiymətlərə mənfi təsir göstərən amillərin aradan qaldırılması üçün xərc-fayda araşdırmaları aparılacaq.

Proqram çərçivəsində regionlarda yerləşən hava limanlarına beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi də təşviq ediləcək. Bunun üçün hava limanı yığımları, yerüstü xidmət haqları, doluluq səviyyəsi üzrə təşviq və kompensasiya mexanizmlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Sənəddə qeyd olunan tədbirlərin əsas yekun nəticələrindən biri region hava limanlarının beynəlxalq sərnişindaşımada payının artırılmasıdır. Bu addımların Azərbaycana gələn turistlərin sayının yüksəldilməsinə və turizm sektorunun iqtisadiyyatda rolunun gücləndirilməsinə xidmət etməsi gözlənilir.