Azərbaycanda qış turizminin inkişafı üçün yeni hədəflər müəyyənləşdirilib

Azərbaycanda qış turizminin inkişafı üçün

Azərbaycanda qış turizminin inkişaf etdirilməsi, ölkənin beynəlxalq qış turizmi destinasiyası kimi tanıdılması və bu istiqamətdə infrastrukturun genişləndirilməsi nəzərdə tutulur.

Monetar.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramına əsasən, 2027–2030-cu illərdə beynəlxalq əməkdaşlıq çərçivəsində dünya səviyyəli qış idman yarışlarının təşkili planlaşdırılır. Bu məqsədlə beynəlxalq qış idman tədbirlərinin təşkili üzrə fəaliyyət planının hazırlanması və təsdiq edilməsi nəzərdə tutulur.

Proqramın sonunda azı 16 beynəlxalq qış idmanı tədbirinin keçirilməsi hədəflənir. Bu tədbirlərin Azərbaycanın beynəlxalq qış turizmi destinasiyası kimi tanıdılmasına töhfə verəcəyi gözlənilir.

Qış turizmi üçün 100 milyonluq auditoriya hədəfi

Sənəddə qış turizminin tanıdılması üçün genişmiqyaslı marketinq və reklam kampaniyalarının həyata keçirilməsi də nəzərdə tutulur.

Belə ki, 2027–2030-cu illərdə qış turizmi üzrə xüsusi tanıtım məzmununun hazırlanması və yayımı həyata keçiriləcək. Hədəf il ərzində hazırlanmış məzmunun 100 milyon nəfərlik auditoriyaya çatdırılmasıdır.

Bununla yanaşı, qış turizminin təşviqi məqsədilə 34 marketinq və beynəlxalq reklam kampaniyasının həyata keçirilməsi planlaşdırılır.

“Şahdağ”da yenidənqurma aparılacaq

Dövlət Proqramında qış turizmi məhsullarının və infrastrukturunun inkişaf etdirilməsi də əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Bu çərçivədə “Shahdag Hotel & SPA”da yenidənqurma və əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur.

Həmçinin qış turizmi infrastrukturunun, o cümlədən kanat yollarının və xizək eniş zolaqlarının inkişafı ilə bağlı hər il məsləhət və konsultasiya xidmətlərinin göstərilməsi planlaşdırılır.

Bundan başqa, qış turizmi sahəsində fəaliyyət göstərəcək kadrların hazırlanması və onların peşəkar inkişafının təmin edilməsi nəzərdə tutulur.

Beləliklə, 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Azərbaycanın qış turizmi imkanlarının genişləndirilməsi, beynəlxalq tədbirlərin sayının artırılması və ölkənin xarici turistlər üçün daha cəlbedici qış turizmi məkanına çevrilməsi hədəflənir.