1,2 trilyon dollarlıq sərvət risk altında – Çin ofşor vergisini artırır

1,2 trilyon dollarlıq sərvət risk altında –

Çin varlı şəxslərin xaricdə saxladığı sərvətlərə nəzarəti gücləndirir. Monetar.az xəbər verir ki, yeni qaydalara əsasən, ofşor trastlara köçürülən səhmlər, daşınmaz əmlak və digər aktivlərin dəyər artımına 20 faiz vergi tətbiq olunacaq.

Bundan əlavə, ofşor trastlardan və onların nəzarət etdiyi xarici şirkətlərdən əldə edilən gəlirlər də hər il 20 faiz dərəcə ilə vergiyə cəlb ediləcək.

Yeni qaydalar 2023-cü ilin yanvarından trastlara köçürülmüş aktivlərə də şamil olunur. Bu aktivlər üzrə ödənilməmiş vergilər, həmçinin 2026-cı ildən əvvəl trastlardan əldə edilmiş gəlirlər 90 gün ərzində bəyan edilməlidir.

Qaydaların sərtləşdirilməsi Çinin varlı vətəndaşlarını xaricdəki sərvətlərinin idarə olunması ilə bağlı qərarlarını yenidən nəzərdən keçirməyə vadar edib. Bəzi investorların vergiləri ödəmək üçün vəsait topladığı, digərlərinin isə trastlarını ləğv etməyi düşündüyü bildirilir.

Məlumata görə, Çinin supervarlı vətəndaşlarına məxsus ofşor aktivlərin həcmi 1,2 trilyon dollara çata bilər. Bu vəsaitlərin bir hissəsi Honkonq və Sinqapur kimi aşağı vergi dərəcələrinin tətbiq olunduğu maliyyə mərkəzlərində yerləşdirilib.

Mütəxəssislər hesab edirlər ki, yeni tədbirlər Pekinin kapitalın ölkədən çıxarılmasına və vergidən yayınma hallarına nəzarəti daha da gücləndirdiyini göstərir.