Kanadadan gələn mallara ABŞ rüsumları qüvvəyə minib

Kanadadan gələn mallara ABŞ rüsumları

ABŞ-ın Kanadadan idxal olunan bir sıra məhsullara tətbiq etdiyi yeni 50%-lik gömrük rüsumları qüvvəyə minib. Son anda aparılan danışıqlar nəticəsiz qaldığından, yeni tariflər şənbə günündən etibarən tətbiq olunmağa başlayıb.

"Bloomberg"in məlumatına görə, yeni rüsumlar ümumilikdə təxminən 20 milyard ABŞ dolları dəyərində Kanada məhsullarını əhatə edir. Kanada Baş naziri Mark Karni Vaşinqtonun addımına "dollara qarşı dollar" prinsipi əsasında cavab veriləcəyini açıqlayıb.

Yeni tariflər yüzlərlə məhsulu əhatə edir. Onların sırasında faner, alkoqollu içkilər, elektrik avadanlıqları və xokkey ləvazimatları da var.

Karni bildirib ki, hökumət Kanada iqtisadiyyatını, yerli biznesi və məşğulluğu qorumaq üçün ABŞ-a qarşı analoji cavab tədbirləri hazırlayır.

Vaşinqton və Ottava danışıqların uğursuzluğuna görə məsuliyyəti qarşı tərəfin üzərinə atır.

ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bildirib ki, Kanada son mərhələdə yeni tələblər irəli sürərək əvvəlki razılaşmalardan geri çəkilib və bununla da danışıqlarda əldə olunan balans pozulub.

Mark Karni isə əksinə, ABŞ administrasiyasını son anda iqtisadi baxımdan qəbuledilməz və ədalətsiz şərtlər irəli sürməkdə, bununla da mümkün razılaşmanın etibarlılığına xələl gətirməkdə ittiham edib.

İki ölkə arasında ticarət dövriyyəsi ötən il mal və xidmətlər üzrə təxminən 900 milyard ABŞ dolları təşkil edib.

ABŞ Prezidenti Donald Tramp rüsumların qüvvəyə minməsinə az qalmış tərəflərin razılığa gəldiyini bəyan etsə də, Kanada rəsmiləri bir sıra əsas məsələlərin açıq qaldığını bildiriblər. Bundan sonra Vaşinqton danışıqlar üçün əlavə üç günlük möhlət versə də, yekun razılaşma əldə olunmayıb.

Müzakirə edilən layihəyə əsasən, Kanada poladı və alüminiumuna tətbiq olunan ABŞ rüsumlarının 50%-dən 25%-ə endirilməsi, Kanada istehsalı avtomobillərə tətbiq olunan tariflərin isə 15%-ə qədər azaldılması nəzərdə tutulurdu.

Bunun müqabilində Kanada ABŞ avtomobillərinə tətbiq etdiyi cavab rüsumlarını ləğv etməli, həmçinin Amerika istehsalı alkoqollu içkilərin əyalətlərdə satışına qoyulan bəzi məhdudiyyətləri yumşaltmalı idi.

Yeni rüsumlar 1930-cu il Tarif Qanununun indiyədək praktikada tətbiq olunmamış müddəasına əsasən qüvvəyə minib. Həmin norma ABŞ ticarətinə qarşı ayrı-seçkilik tətbiq etdiyi hesab edilən ölkələrə əlavə tariflər qoymağa imkan verir.

Bununla belə, Kanadanın ABŞ-a ixrac etdiyi əsas strateji məhsullar — xam neft, potaş və kritik əhəmiyyətli faydalı qazıntılar yeni rüsumlardan kənarda saxlanılıb.

Kanada hazırda ABŞ-a gündəlik 4 milyon bareldən çox xam neft və neft məhsulu ixrac edir.

Baş nazir Mark Karni enerji tədarükünün məhdudlaşdırılmasının gündəmdə olmadığını bildirib. Onun sözlərinə görə, Kanada etibarlı enerji təchizatçısı statusunu qorumaq niyyətindədir. Bununla yanaşı, Ottava ABŞ-ın yeni tariflərinə cavab olaraq əlavə iqtisadi tədbirləri də nəzərdən keçirir.

MONETAR.AZ