"Bloomberg"in yazdığına görə, son aylarda eniş yaşayan kriptovalyuta bazarında iri investorlar ("balinalar") yenidən bitcoin toplamağa başlayıblar. Bu, bazarda mümkün dönüş siqnallarından biri kimi qiymətləndirilir.
"CryptoQuant"ın məlumatına əsasən, birjalar və mayninq-pulları istisna olmaqla, iri investorlar son 60 gün ərzində portfellərinə təxminən 43 min bitcoin əlavə ediblər. Cari qiymətlərlə bu alışların dəyəri təxminən $2,75 milyard təşkil edir. Toplanma prosesi bitkoinin $60 min ətrafında ticarət olunmağa başladığı dövrdə sürətlənib.
"Glassnode"un məlumatına görə, təkcə ən iri investorlar deyil, həm də 100–1000 BTC saxlayan orta həcmli investorlar da alışlarını artırıblar. Şirkətin analitiki Şon Rouz bildirib ki, iyulun sonundan etibarən müxtəlif investor qruplarında toplanma meyli yenidən güclənib.
Bu tendensiya bazar üçün müsbət siqnal sayılsa da, analitiklər ehtiyatlı olmağa çağırırlar. Bitcoin hələ də əvvəlki zirvələrindən xeyli aşağı qiymətdə ticarət olunur, spot ticarət həcmləri isə son illərin minimum səviyyələrində qalır.
"Nexo" analitiki Desislava Yanevanın fikrincə, balinaların alışları uzunmüddətli inamı göstərsə də, bu, bazarda dərhal yeni yüksəliş mərhələsinin başlayacağı anlamına gəlmir. Onun sözlərinə görə, davamlı bərpa üçün əlverişli makroiqtisadi şərait də formalaşmalıdır.
MONETAR.AZ