Avropa smartfon bazarında geriləmə dərinləşib. “Counterpoint Research”in (CR) hesabatına görə, 2026-cı ilin ikinci rübündə regiona smartfon tədarükü 35 milyon ədədə düşüb.
Bu, illik müqayisədə 10%-lik azalma deməkdir. Analitiklər bildirirlər ki, qeydə alınan göstərici 2023-cü ilin ikinci rübündən bəri Avropa bazarında ən aşağı tədarük səviyyəsidir.
Ekspertlər bazardakı zəifləməni bir sıra amillərlə əlaqələndirirlər. Əsas səbəblər sırasında smartfon komponentlərinin bahalaşması və mürəkkəb makroiqtisadi şərait göstərilir. Hesabat müəlliflərinin fikrincə, ötən ilin eyni dövrü ilə müqayisədə istehlakçı tələbi də nəzərəçarpacaq dərəcədə zəifləyib.
“Counterpoint Research” analitiki Yan Striyak hesab edir ki, Avropa smartfon bazarındakı geriləmə qısa müddətdə aradan qalxmayacaq. Onun proqnozuna əsasən, bazardakı daralma qarşıdakı bir neçə rüb ərzində də davam edə bilər.
Şirkətlər üzrə bölgüdə isə “Samsung” və “Apple” lider mövqelərini qoruyublar. Koreya və ABŞ texnologiya nəhənglərinin hər biri Avropa smartfon bazarının 34%-nə nəzarət edir.
Çin istehsalçıları da əsas oyunçular sırasında yer alır. “Xiaomi” 15%-lik payla üçüncü, “Oppo” 4%-lə dördüncü, “Honor” isə 3%-lə beşinci pillədə qərarlaşıb.
Avropa bazarındakı geriləmə qlobal tendensiyanın tərkib hissəsidir. “Counterpoint Research”in iyul ayında açıqladığı digər hesabata görə, 2026-cı ilin ikinci rübündə dünya üzrə smartfon tədarükü illik ifadədə 11% azalıb və son 13 ilin ən aşağı səviyyəsinə düşüb.
Beləliklə, həm Avropada, həm də qlobal miqyasda smartfon bazarı istehlakçı tələbinin zəifləməsi və istehsal xərclərinin artması fonunda ciddi təzyiqlə üzləşir.
MONETAR.AZ