Asiya valyutaları bahalaşdığı vaxtda, dollar 3 aylıq minimuma yaxınlaşır

Asiya valyutaları bahalaşdığı vaxtda, dollar 3 aylıq

Asiya valyutalarının əksəriyyəti cümə günü ABŞ dolları qarşısında möhkəmlənərək həftəni müsbət notla başa vurmağa hazırlaşır. Dollar isə zəifləməsini davam etdirərək son üç ayın ən aşağı səviyyələrinə yaxınlaşıb.

Bazar iştirakçıları hesab edirlər ki, ABŞ Maliyyə Nazirliyinin dövlət istiqrazlarının geri satın alınması proqramını genişləndirməsi bazarlara yalnız qısamüddətli dəstək verib və ölkənin fiskal vəziyyəti ilə bağlı narahatlıqları tam aradan qaldırmayıb.

ABŞ Maliyyə Nazirliyi çərşənbə günü sentyabr ayından etibarən uzunmüddətli istiqrazların geri alınması üzrə bir əməliyyatın həcmini 2 milyard dollardan ən azı 4 milyard dollara çatdıracağını açıqlamışdı. Lakin bu qərardan sonra istiqrazların gəlirliliyi əvvəlcə qısa müddət azalsa da, daha sonra yenidən yüksəlib. İnvestorlar ABŞ-da böyük büdcə kəsiri və artmaqda olan dövlət borcunun uzunmüddətli risklər yaratmağa davam etdiyini bildirirlər.

Hazırda ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirliliyi təxminən 4,70 faiz, 30 illik istiqrazların gəlirliliyi isə 5,25 faiz səviyyəsindədir. Yüksək gəlirlilik Asiya valyutalarının bahalaşmasını müəyyən qədər məhdudlaşdırsa da, dolların ümumi zəifləməsi regional valyutalara dəstək verir.

Yapon yeni də dollar qarşısında dəyər qazanıb. USD/JPY məzənnəsi cümə günü 0,1 faiz azalaraq təxminən 159 yen səviyyəsinə enib və həftə ərzində ümumilikdə 0,2 faiz geriləməyə doğru irəliləyir.

Bu gün açıqlanan statistikaya əsasən, Yaponiyada baza istehlak inflyasiyası iyul ayında illik ifadədə 1,8 faizə yüksəlib. İyun ayında bu göstərici 1,6 faiz idi. Ərzaq və enerji qiymətləri çıxılmaqla hesablanan baza inflyasiyası isə 1,9 faiz təşkil edib.

Məlumatlar Yaponiya Bankının sentyabr iclasında uçot dərəcəsini 1 faizdən 1,25 faizə qaldıra biləcəyi ilə bağlı gözləntiləri gücləndirib.

Bundan əlavə, ölkənin özəl sektorunda biznes aktivliyi üzrə göstəricilər iqtisadi fəallığın artmaqda davam etdiyini göstərib. Emal sənayesində PMI indeksi yüksəlib, yeni sifarişlər isə 2018-ci ilin yanvarından bəri ən sürətli artımı qeydə alıb.

Region valyutaları arasında ən güclü nəticəni Cənubi Koreya vonu göstərib. USD/KRW məzənnəsi 0,9 faiz azalaraq 2025-ci ilin sentyabrından bəri ən aşağı səviyyəyə enib. Həftəlik ifadədə cütlüyün təxminən 2,5 faiz geriləyəcəyi gözlənilir.

Avstraliya dolları da möhkəmlənərək AUD/USD cütlüyündə 0,4 faiz bahalaşıb və həftə ərzində ümumilikdə təxminən 1 faiz dəyər qazanıb.

Ofşor Çin yuanı dollar qarşısında demək olar ki, dəyişməyib. USD/CNY cütlüyü həftə ərzində təxminən 0,3 faiz geriləyib.

Sinqapur dolları da möhkəmlənməsini davam etdirib. USD/SGD cütlüyü cümə günü 0,2 faiz azalaraq həftəlik ifadədə 0,7 faiz enişə doğru irəliləyib.

Regiondakı ümumi tendensiyadan fərqli olaraq Hindistan rupisi zəif mövqe nümayiş etdirir. USD/INR cütlüyü gün ərzində ciddi dəyişməsə də, həftəlik ifadədə təxminən 0,3 faiz arta bilər.

Analitiklərin fikrincə, neft qiymətlərinin yüksəlməsi və idxalçı şirkətlərin valyuta risklərini sığortalamaq üçün dollara tələbi rupiyə təzyiq göstərir. Hindistan Ehtiyat Bankının valyuta bazarına müdaxilələri isə məzənnəyə yalnız məhdud dəstək verir.

Bu arada, ABŞ dolları indeksi (DXY) Bakı vaxtı ilə saat 07:47-yə olan məlumata görə 0,2 faiz azalaraq 98,735 bənd səviyyəsinə enib. Bu göstərici son üç ayın minimumuna yaxındır və indeks həftə ərzində ümumilikdə təxminən 1 faiz dəyər itirmək üzrədir.

MONETAR.AZ