Kriptovalyuta bazarında yüksəliş davam edir. Dünyanın ən böyük rəqəmsal valyutası olan bitcoin ABŞ-da kriptovalyuta sektoruna dair müsbət siqnalların təsiri ilə bahalaşaraq 75 min dollar həddini test edib.
Bazar iştirakçılarının optimizmi ABŞ Prezidenti Donald Trampın qanunvericiləri kriptovalyuta bazarı üçün daha aydın tənzimləyici çərçivənin yaradılmasına çağırmasından sonra daha da güclənib. İnvestorlar hesab edirlər ki, bu istiqamətdə atılacaq addımlar rəqəmsal aktivlər bazarının inkişafını sürətləndirə bilər.
Bitcoinin bahalaşmasına təsir edən digər amil ABŞ Maliyyə Nazirliyinin istiqrazların geri alınması proqramını genişləndirməsi olub. Nazirlik dövlət istiqrazlarının gəlirliliyində artımı məhdudlaşdırmaq məqsədilə geri satınalma həcmini iki dəfə artırdığını açıqlayıb.
Bu qərar maliyyə bazarlarında risk iştahını yüksəldərək investorların kriptovalyutalara marağını da artırıb.
Bakı vaxtı ilə saat 07:48-ə olan məlumata görə, bitcoinin qiyməti 8,1 faiz artaraq 74 772,6 dollara yüksəlib. Ticarət sessiyası zamanı isə kriptovalyuta qısa müddət ərzində 75 591,6 dollar səviyyəsinə qədər bahalaşıb.
Beləliklə, bitcoin may ayının sonundan bəri müşahidə olunmayan qiymət səviyyələrinə qayıdaraq yüksəliş trendini davam etdirib. Bazar iştirakçıları yaxın günlərdə ABŞ-da kriptovalyutaların tənzimlənməsi ilə bağlı veriləcək yeni qərarların və makroiqtisadi xəbərlərin qiymət dinamikasına təsir göstərəcəyini gözləyirlər.
MONETAR.AZ