"ChatGPT" yeni imkan əldə edib

"ChatGPT" yeni imkan

"OpenAI" "ChatGPT" üçün yeni funksiyanı istifadəyə verib. "Independent" nəşrinin məlumatına görə, yenilənmədən sonra çat-bot "Mac" cihazlarında "iMessage" ilə inteqrasiya olunaraq istifadəçilərin yazışmalarını təhlil edə, həmçinin onların adından mesaj hazırlayıb göndərə bilir.

Məlumata əsasən, yeni funksiya süni intellektə istifadəçinin mesajlarını analiz etmək, yazışmaların məzmununu nəzərə alaraq cavab hazırlamaq və göndərmək imkanı yaradır. Bununla belə, bu imkan standart olaraq aktiv deyil və istifadəçi tərəfindən ayrıca qoşulmalıdır.

Bundan əlavə, əgər müvafiq ayarlar dəyişdirilməyibsə, sistem hər mesaj göndərilməzdən əvvəl istifadəçidən təsdiq istəyir. Beləliklə, "ChatGPT" istifadəçinin razılığı olmadan mesaj göndərə bilmir.

"Independent" qeyd edir ki, bu inteqrasiya məxfilik məsələlərinə xüsusi həssas yanaşan "Apple" şirkətinin narazılığına səbəb ola bilər. Nəşr xatırladır ki, "Apple" hazırda "OpenAI" ilə hüquqi mübahisə aparır və istifadəçi məlumatlarının qorunması məsələsini prioritet hesab edir.

Bundan əvvəl isə "OpenAI"nin kibertəhlükəsizlik riskləri səbəbindən hələ təqdim olunmamış ən güclü süni intellekt modellərinin hazırlanmasını müvəqqəti dayandırdığı bildirilmişdi. Şirkətin baş icraçı direktoru Sem Altman hazırkı mərhələdə inkişaf tempinin azaldılmasının daha məqsədəuyğun olduğunu bəyan edib. Bunun fonunda yeni nəsil "Astra" modellərinin təlimi iki həftədən artıq müddətə dayandırılıb, genişmiqyaslı hesablama güclərinin istifadəyə verilməsi isə hələlik təxirə salınıb.

MONETAR.AZ